Ötən gün əməkdar artist Aybəniz Haşımova əməliyyat olunub. Respublika Müalicə Diaqnostika Mərkəzində əməliyyat olunan sənətçinin hazırda vəziyyət yaxşıdır. 

Unikal.org xəbər verir ki bu barədə müğənni primetime.az-a özü məlumat verib: "Öncə bu çətin imtahanımda sağlığım üçün dua edənlər hər birinizə ayrı-ayrılıqda, əbədi olaraq sevginizin qarşısında böyük tənzimlə baş əydiyimi bildirmək istəyirəm. Məni bu gün sizlərə yenidən bəxş edən uca Allahıma və Mərkəzi Diaqnostikanın baş həkiminə, məni əməliyyat edən yüksək dərəcəli cərraha, bütün cərrahiyə şöbəsinin əməkdaşlarına, artıq neçə gündür sağlamlığıma görə narahat qalan sənət və ailə dostlarıma, zəng edib əhvalımı xəbər alanlara demək istəyirəm ki, Allah sizi mənə çox görməsin. Nə yaxşı ki, həyatımdasınız. Allah bir də sizi mənimlə belə bir imtahana çəkməsin. Çox şükür, artıq özümü yaxşı hiss edirəm. Hətta axşam tək başına, kömək istəmədən ayağa qalxıb, yerimişəm. İnşaAllah bir-iki günə yəqin ki, bütün ağrılarımı tam unudaram. Sizi çox sevirəm əziz xalqım. Əməliyyata qaldırılanda, son sözüm bu oldu, mən sizi çox sevirəm əziz xalqım. Bunu bilmənizi istəyirəm". 

Qeyd edək ki, müğənninin nədən əməliyyat olunduğu gizli saxlanılır.