8 oktyabr 2016-cı ildə Gürcüstan parlamentinə seçkilər günü Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş qarşıdurma və bəzi sakinlərin həbsi ilə bağlı "Borçalı" İctimai Birliyinin sədri, tanınmış tarixçi alim Kərəm Məmmədov Gürcüstanın dövlət rəhbərliyinə və ictimaiyyətə müraciət edib.
Kərəm Məmmədovun Unikal.org-a daxil olan həmin müraciətində deyilir: "Oktyabrin 8-də keçirilən parlament seçkiləri Gürcüstanda yaşayan bütün millətlərin həyatında tarixi səhifə açıb. Bu seçkilər qardaş ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyacağına böyük ümidlər verir. Ancaq azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun ən böyük kəndlərindən olan Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində seçkinin nəticəsinə etirazlar zamanı baş vermiş qarşıdurma və bu hadisəyə görə 6 nəfərin həbsi narahatlığımıza səbəb olub".
Müraciətdə vurğulanır ki, seçki kampaniyası dövründə Gürcüstan dövlətinin rəsmiləri xalqı fəal olmağa və verdikləri səsin məsuliyyətini daşımağa çağırıblar və Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində səsvermə zamanı baş verən qarşıdurma da məhz secki prosesində yol verilən neqativ hallara qarşı etirazdır:"Hesab edirik ki, bu qarşıdurmanın və gərginliyin davam etməsi Gürcüstan dövlətinin və həmçini bölgədə yaşayan soydaşlarmızın maraqlarına ziddir. Gürcüstanın hüquq-mühafizə orqanlarını daha təmkinli davranmağa, yaranmış qarşıdurmanın böyüyərək, seçkilərin üzərinə kölgə salmasına imkan verməməyə, seçiciləri isə öz hüquqları uğrunda qanun çərçivəsində mübarizə aparmağa çağırırıq".
Müraciətinin sonunda Kərəm Məmmədov bildirir: "Borçalı İctimai Birliyi Gürcüstanda demokratik prosesləri, insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində atılan bütün addımları dəstəkləyir və yaranan qarşıdurmanın hüquq müstəvisində, ədalətli həll olunacağına dərin ümid bəsləyir".