Unikal.org xəbər verir ki, Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" iki hissəli tarixi dramı 50-ci dəfə nümayiş etdirilib. 

Hər nümayişi anşlaqla keçən tamaşada xalq artisti Fuad Poladov səhnəni yenidən fəth edib. Fuad Poladovun "Şah Qacar"ı sözün əsl mənasında möhtəşəm, təkrarsızdır. Səhnəyə hər gəlişi alqışlarla qarşılanan sənətkar Qacarın yaşadığı sarsıntıları, iztirabları yüksək sənətkarlıqla tamaşaçıya çatdırır. 

Fuad Poladovun "Şah Qacar"nı sevməmək, ona haqq qazandırmamaq mümkün deyil. Tökdüyü qanları, etdiyi qəddarlıqları Qacarın uğursuz taleyinə, alınmayan arzularına, baş tutmayan sevgisinə bağlayırsan. 

Ağa Məhəmməd şah Qacarın ölüm səhnəsi də, həyatı qədər ağır, amansız, təsirlidir. Bir zamanlar çox sevdiyi qızın kələğayısı ilə göylərə, sonsuzluğa ucalan hökmdar, sanki hər kəsi ucalıqdan, zirvədən seyr edir. 

Tamaşanın ən tükürpədici səhnəsi, Şah Qacarın ağır taleyini dilə gətirdiyi etiraf və tənha yalquzaq kimi ölümqabağı göyə ucalan ulartısıdır. 

"Bütöv İran səltənətinə hökmü çatan Ağa Məhəmməd şah Qacarın içində boynundan zınqırov asılmış bədbəxt bir tülkü daim ulayır, ulayır..." fikri ilə tamaşaçı zalı Qacarın faciəsindən təsirlənir, göz yaşlarına hakim olmur. 

Xatırladaq ki, hər nümayişi anşlaqla keçən tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı əməkdar incəsənət xadimi, xalq artisti, Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətə məxsusdur. 

Azərpaşa Nemət və Fuad Poladov tandeminin növbəti uğurlu tamaşası ilk dəfə 2013-cü il iyulun 13-də oynanılıb. 3 ildir Milli Dram Teatrının səhnəsində fasiləsiz nümayiş etdirilən tamaşaya maraq, diqqət azalmır. 

Tamaşanın bənzərsiz xanım sənətkarı, xalq artisti Laləzar Mustafayevanın yaratdığı Ceyran xanım, hökmü, zabitəsi, Qacarı sevən, onu qoruyan, bəzən isə şah oğlunun verdiyi qərarlara razılaşmayan qüdrətli qadın, sevgi dolu anadır. 

Tamaşanın bəstəkarı əməkdar incəsənət xadimi Səyavuş Kərimi "Şah Qacar"a seçilən, fərqli musiqi bəstələyib. 

Tarixi dramda əməkdar artistlər - Sabir Məmmədov, Kazım Abdullayev, Vidadi Həsənov, Məmməd Səfa, Ayşad Məmmədov, Elşən Rüstəmov, aktyorlar Anar Heybətov, Xədicə Novruzlu, Adil Dəmirov və başqaları çıxış edir. 

Tamaşanın sonu hər dəfə möhtəşəm alqışlarla yadda qalır.Tamaşaçı Qacarın- xalq artisti Fuad Poladovunsəhnədən getməsini istəmir. Davamlı alqışlar, "bravo" sədaları Milli Dram Teatrını lərzəyə salır. Hər dəfə olduğu kimi əsərin müəllifləri Əli Əmirli və Azərpaşa Nemət tamaşaçıların qarşısına çıxır. Amma zaldan heç kim getmək istəmir. 50 dəfə nümayiş olunsa belə, "Şah Qacar" hər dəfə sevilir, baxılır, arzulanır. 

"Şah Qacar" uğurlu səhnə taleyi davam edir. Növbəti yubiley tamaşalarının arzusu və Fuad Poladovun möhtəşəm ifasının həsrəti ilə, "Şah Qacar"la vidalaşıb Milli Dram Teatrını tərk edirik...












































Primetime.az