Paytaxta yağan aramsız yağışlar ciddi fəsadlara yol açıb.

Unikal.org xəbər verir ki, bəzi yeraltı tunellərdə su gölməçələri yaranıb, bu səbəbdən Z.bünyadov küçəsinin bir hissəsinin bağlandığı elan olunub.

Həmçinin Xətai və Neftçilər prospektində də hərəkətdə çətinliklər yaşanıb.

Heydər Əliyev prospektində "Bağırov körpüsü kimi tanınan yol ötürücüsündə isə vəziyyət görənlərin narahatlığına səbəb olub. Aramsız yağan yağış suları tunelin istinad divarından süzülərək şəlalə görüntüsü yaradıb.

Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Axar.az-a açıqlamasında kollektorların gücü çatmadığı üçün yağış sularının tunelə axdığını deyib:

"Yağış aramsız yağdığı üçün tuneldəki kollektorların gücü çatmayıb. Bu səbəbdən su tunelin üzlüklərindən axmağa başlayıb. Hər bir tuneldə qurunt sularının axıb getməsi üçün kiçik borular quraşdırılır. Amma bir neçə gündür yağan aramsız yağış səbəbindən bu borular daşmağa başlayıb. Ona görə sözügedən ərazidə belə bir problem yaranmışdı. Hazırda tuneldə heç bir problem yoxdur.

A.Nəcəfli kollektorlara nəzarətin "Azəravtoyolun səlahiyyətində olmadığını da bildirib: "Növbəti güclü yağışlar zamanı bu problemin təkrarlanacağı istisna edilmir.