Moskvadan Gəncəyə qanunsuz dərman gətirməkdə təqsirləndirilən Gəncə şəhər sakini Şirzad Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Şirzad Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Şirzad Abbasov ifadəsində icarəyə götürdüyü "Mersedes Benz markalı avtomobillə Gəncədən Moskva şəhərinə və əks istiqamətə sərnişin daşımaqla ailəsini dolandırdığını göstərib: "Hər hansı bir dərmanın gömrükdən keçirilməsinin qadağan edildiyini bildiyim üçün onları gizlətmişdim. Bu səhvi 600 manat pul qazanmağa görə etmişəm.

Qeyd edək ki, Şirzad Abbasov Rusiya Federasiyasının Moskva şəhərində istintaqla müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olaraq güclü təsirə malik külli miqdarda "Tropikamid dərman preparatını idarə etdiyi mikroavtobusun arxa təkərlərinin içərisindəki boşluqda yerləşdirərək daşıyıb. Dəyəri 29 min 100 manat olan 970 ədəd dərman preparatını "Samur gömrük postundan gizli şəkildə keçirib.
Törətdiyi cinayət əməlinə görə Ş.Abbasova qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.