Bu gün "Azərişıq Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri "İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər mövzusunda elan etdikləri fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib. 

Unikal.org-un məlumatına görə, 110/35/10 KV-luq Buzovna -2 Yarımstansiyasında baş tutan tədbirdə "Azərişıq" ASC-nin sədrinin müavinləri Vüqar Əhmədov, Ramil Yusifov, Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, müxtəlif media orqanlarının baş redaktorları, müsabiqədə qalib olan jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ramil Yusifov qonaqları "Azərişıq" ASC-nin sədrinin adından salamlayaraq, Azərbaycan energetiklərinin peşə bayramı ərəfəsində bura təşrif buyurduqları üçün təşəkkürünü bildirib. R. Yusifov bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafı cəmiyyətimizdə informasiyaya olan tələbatı artırır. Buna görə də, KİV-in inkişafına dövlətimiz tərəfindən dəstək göstərilir. R. Yusifov bildirib ki, "Azərişıq" ASC bir dövlət müəssisəsi kimi, mətbuata həmişə açıq olub. Daima görülən işlər barədə KİV-ə məlumat verilir: "Elektrik təsərrüfatının inkişafı, infrastrujturun yenidən qurulması, əhalinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması sahəsində tədbirlərin ictimaiyyətə dolğun çatdırılması məqsədilə Azərişıq ASC ilə KİVDF birgə jurnalist yazıları müsabiqəsi elan edibdir. Cənab Prezidentin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə Bakı elektrik şəbəkə ASC-nin fəaliyyəti bərpa edilmiş, bununla da islahatlara start verilmişdir. Yeni Y/S-lar inşa edilmiş, yeni Tm və KTM-lər tikilmiş, EVX-i çəkilmiş,şəhərin çox hissəsində 110 KV, 35 KV H/X-i kabel xətləri ilə əvəz olunaraq yeraltına salınmışdır. Şəbəkədəki qəsəbələrdə isə, 0,4 KV-luq H/X müasir tipli SİP (ÖİN) kabelləri ilə əvəz edilmişdir. Nəticədə texniki itgilərin səviyyəsi aşağı salınmış, abunəçilərə keyfiyyətli və dayanıqlı elektrik enerjisi verilmişdir. Ən mühim islahatlardan biri də, Bakı şəhərində 110 KV-luq dairəvi təchizat sxeminin yaradılmasıdır. Bu sistemin yaradılmasında məqsəd, 110 KV-luq elektrik şəbəkələri vasitəsilə enerjini şəhərin müxtəlif yerlərinə ötürmək və hər hansı mənbədə fasilə yarandıqda, digər mənbədə enerji ilə təmin etməkdir. Bakı elektrik şəbəkənin ən uğurlu layihələrindən biri də SCADA idarəetmə mərkəzinin yaradılmasıdır. Bununla 110 və 35 KV-luq Y/S lar uzaq məsafədən operativ idarə oluna bilirlər. 



Azərişıq ASC yaranandan sonra ASC-nin sədri Baba Rzayevin rəhbərliyi ilə regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyəti analiz edilmiş və Master Plan hazırlanmış və böyük sürətlə həyata keçirilməyə başlanmışdır. Belə ki, bu müddət ərzində 110 və 31 ədəd 35 kv-luq y/s tikilmiş 100-dən 110 Kv və 400-dən artıq 35 kv luq Y/S təmir edilmişdir. Regionlarda 255 ədəd müasir tipli KTEM və TM tikilmişdir. 24 min kilometr EVX-ləri təmir edilib. 15 mindən çox yeni dayaq quraşdırılıb. Bakı şəhəri üzrə şəbəkənin qoyulmuş gücü 2006-da 348 MVA olduğu halda, 2016-cı ildə 6540 MVA-a qaldırılıb. Texniki itgilər 16,9 faizdən 7,8 faizə endirilib.Respublika üzrə elektrik şəbəkənin qoyuluş gücü 2015-ci ildə 9500 MVA-dan 2016-cı ilin birinci yarımilliyində 11, 111MVA-ya qaldırılıb. Yığım səviyyəsi Bakı şəhəri üzrə 98,3 faiz Azərişıq üzrə 87 faizdir".



Daha sonra çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, keçirilmiş müsabiqə barədə məlumat verib. V. Səfərli bildirib ki, müsabiqənin məqsədi, Azərbaycanda elektrik enerjisi təsərrüfatının inkişafı, infrastrukturun yenidən qurulması, istehlakçıların keyfiyyətli və fasiləsiz enerji ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdan ibarətdir. V. Səfərli müsabiqəyə 25 KİV-dən 35 yazı təqdim olunduğunu diqqətə çatdırıb. Bildirib ki, müsabiqəyə təqdim olunan yazılar həm Fondun, həmçinin də Azərişıq ASC-nin münsifləri tərəfindən qiymətləndirilib. Müsabiqədə 6-ı əsas olmaqla 19 jurnalist həvəsləndirici mükafata layiq görülüb: "Müsabiqədə 10 həvəsləndirici mükafat nəzərdə tutulsa da, təqdim olunan yazıların bir çoxunun eyni bal toplaması ilə əlaqədar həvəsləndirici mükafatın sayı 19-a çatdırılıb.Müsabiqədə 1-birinci yerin qalibinə 1000, 2-ikinci yerin qalibinə 800, 3-üçüncü yerin qalibinə 600, 19 jurnalistə isə 200 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunacaq".V. Səfərli sonda Azərbaycan energetiklərini peşə bayramı münasibətilə təbrik edib.



Tədbirdə Əflatun Amaşov və Vüqar Əhmədov da çıxış ediblər. Ə. Amaşov bütün energetiklərini təbrik edib: "Mən hansı müəssisəyə gedirəmsə onun fəaliyyətini Azərbaycandakı inkişafla müqayisə edirəm. Burada gəlib gördük ki, görülən işlər Azərbaycanda aparılan islahatlarla üst-üstə düşür".
Tədbirin sonunda qalib jurnalistlərə mükafatlar təqdim olunub.