Məscidlərdə kişilərin imamlıq və ya axundluq etməsini görürük. Amma qadınlara isə bu kimi işlərdə rast gəlinmir. Görəsən İslam dini bu haqda nə deyir? 

 Image result for İlahiyyatçı Əkrəm Həsənovİlahiyyatçı Əkrəm Həsənov unikal.org-a deyib ki, qadının elmli, bilikli, müəllim olmasını dinimiz tövsiyə edib. Allah təala Qurani Kərimdə bir çox fəzilətli qadınların adını çəkib. Bu qadınlar həqiqətən də öz dövrlərində insanlar içərisində imam, sayılıb-seçilən qadınlar olublar: "Bunlara misal olaraq Süleyman peyğəmbərin həyat yoldaşını, İsa peyğəmbərin anası Məryəm əleyhissalamı, Fironun həyat yoldaşı Asiyanı göstərmək olar. Hətta İslama görə ilk qadın imam, şeyx Həzrəti Adəmin həyat yoldaşı Həvva olub. Allah təala dəyərli hesab etdiyi qadınları imamlığa layiq bilib. Məhəmməd Peyğəmbərin ümməti içərisində də imam qadınlar olublar. Bunlar həm şəriəti, dini mükəmməl öyrənib, həm də sonrakı nəsillərə çatdırmaqda çox böyük rol oynayıblar. Allah Rəsulundan ilk şəriət dərsi alan Xədicə olub, sonrakı həyat yoldaşları da dövrünün qadınlarına imamlıq, rəhbərlik ediblər. Möminlərin anası Aişə də (Allah ondan razı olsun) həm peyğəmbərin həyat yoldaşı, həm möminlərin anası, həm də İslam ümmətinin qadın imamı, şeyxi olub. Çünki, şəriətdə icra olunan bir çox məsələləri məhz peyğəmbərdən öz ümmətinə çatdıran xanımlarından biri də Aişə olub. Hətta onun haqqında Qurani Kərimdə surələrdə ayələr vardır.

Ə. Həsənov deyir ki, İslam dininə görə qadın imam, şeyx, müəllim, rəhbər ola bilər. İslam qadının hüquqlarını başqa cinslə bərabər qoruyaraq onu daha mükəmməl əxlaq sahibi olması üçün ancaq qadınlara imamlıq etməyə icazə verib: "İslama görə qadın imam, şeyx ancaq qadınların məclislərində onlara dini məsələləri öyrədə bilər, onlara hətta kişi olmadıqda namaz qıldıra bilər. Bu arada bütün İslam alimləri hədislərə əsasən fətvalar veriblər. Allahın Rəsulunun vaxtında Peyğəmbərimiz qadınlar üçün xüsusi günlər təsis edib və həmin günlərdə onlara dini məsələləri öyrədəcək söhbətlər aparıb. Bundan başqa səhabə qadınlar da dini məsələlərdən bilmədiklərini öz aralarında öyrənib və səhabə qadınlara imamlıq, rəhbərlik edən çox savadlı, yazıb-oxumağı bacaran qadınlar da olublar. Allahın peyğəmbərinin qızı Fatimə (Allah ondan razı olsun) də belə savadlı, bilikli qadınlardan biridir. İslam ümməti həqiqətən də seçilmiş bir imam qadın kimi Fatimədən (Allah ondan razı olsun) şəriətə aid, ədəbə, əxlaqa aid çox dərslər öyrənib. 

 Onun sözlərinə görə, müasir dövrümüzdə bəzi insanların İslama görə qadının imam, şeyx olmadığı ilə bağlı söylədiyi fikirlər yanlışdır: "Onlar bu fikirləri ilə demək istəyirlər ki, guya İslam qadınlara kişilər kimi imamlıq vermədiyi üçün onları dəyərli bilmir. Halbuki biz açıq gözlə və ədalətli olaraq mənbələrə baxdıqda bu cür düşüncənin kökündən yanlış olduğunu görürük. Belə ki, İslam mənbələri bizə bildirir ki, qadınlar içərisindən də imamlıq, şeyxlik edən qadınlar İslamda olub var və davam edəcəkdir. İslamın qadına verdiyi dəyəri heç bir qeyri quruluşlar verə bilməyib. Qadının təhsilli olması, öyrədici olması, savadlı olması İslam tərəfindən qətiyyətlə tövsiyə olunur, çox hallarda isə əmr olunur. Buna görə açıq deyə bilərik ki, qadınlar da imam ola bilərlər. 

 Qadınların kişilərə imam durmasına gəlincə isə İslam qadını qorumaq üçün buna icazə vermir: "Yuxarıda qeyd etdiklərimiz kimi qadının namusu, təmizliyi, gözəlliyi, dəyəri İslama görə qorunub və bu səbəbdən onların kişilərə imam olması İslamda qadağan olub. Əgər belə olsaydı qadın dəyərdən düşər, yer üzərində hərcli- mərclik baş verərdi. Bu səbəbdən məsələlərə baxanda daha geniş aspektdən baxmaq hamımız üçün faydalı hesab edilir.