Bu gün Azərbaycan səhnəsinin gözəl aktrisası, əməkdar artist Sənubər İsgəndərlinin doğum günüdür.
Unikal.org-un məlumatına görə, primetime.az-a açıqlamasında Sənubər xanım doğum gününü ailəsi, doğmaları ilə birlikdə keçirəcəyini deyib:
"Bilirsiniz ki, səs-küylü məclisləri sevmirəm. Doğum günümü ailəmlə, doğmalarımla birlikdə qeyd edəcəm. Allahdan tək istəyim, can sağlığıdır."
Qeyd edək ki, Sənubər İsgəndərli 1960-cı ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. Sənubər İsgəndərli 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub.
1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində Siyan Şi ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), İcraçı ("Şah Edip" Sofokl), Burla Xatun ("Burla xatun" N.Xəzri), Nisə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov), Ulduz ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Aysel ("Cəzasız günah" B.Vahabzadə), Gertruda ("Hamlet" V.Şekspir), Firəngiz və Fransuaza ("Brüsseldən məktublar" H.Həsənov), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı), falçı ("Mesenat" Ə.Əmirli), Klara Veşer ("Yaşli xanimin gəlişi", F.Durrenmatt), məşuqə ("Generalın son əmri", Vaqif Səmədoğlu), Qadın ("21-15 qatari" T.Orbay) rollarını oynayıb. Sənubər İsgəndərli "Şöhrət və ya unudulan adam" (Qadın), "Qurbanəli bəy" (Xanım), "Yaşıl eynəkli adam" (Jalə), teletamaşalarına və "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (İsmayılın arvadı), "Təsədüfi görüş" (Tamara xanım), "Leyli və Məcnun"( Leylinin anası) filmlərinə çəkilib.
Xəzər TV-də yayımlanan "Qayınana" serialında Afət xanım rolunu ifa edib.
2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.