Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Unikal.org-un məlumatına görə, fərmana əsasən, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" fərmanın 1-ci hissəsində "25" rəqəmi "50" rəqəmi ilə əvəz edilib.
Dəyişikliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir.