Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 28-29-da Gəncə şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, əvvəlcə Gəncə, Kəlbəcər, daha sonra Göygöl, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının qəbul üçün müraciət edən 90-a yaxın sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun, operativ şəkildə həlli üçün aidiyyəti Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Xidməti fəaliyyətlə bağlı olan məsələlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti dövlət qurumlarına göndəriləcəyi nəzərə çatdırılıb.

Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.