Vətəndaşlar pullarını evdə deyil, banklarda saxlamağa üstünlük verəcəklər...

 

 

Azərbaycanda dollar ilə təklif edilən kreditlərin həcmini məhdudlaşdırmaq və vətəndaşların milli valyuta ilə borclanmasını təşkil etmək mümkündür. Bu isə çoxlu sayda ailələrdə hal-hazırda əsas problemə çevrilən dollar ilə kreditlərin geri qaytarılması çətinliyinin qarşısını gələcəkdə ala bilər. Təbii ki, əgər Mərkəzi Bank təklif edilən real addımları atarsa... Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

 

Ekspertin fikrincə, ölkəmizdə son iki devalvasiya daha çox dollarla kredit götürənlərə mənfi təsir göstərdiyi üçün Azərbaycanda dollar və digər xarici valyutada kreditlərinin azaldılması və daha çox manatla borclanma mümkündür: "Son bir ildə kəskin dollarlaşma müşahidə edilən ölkəmizdə xarici valyutanın depozitlərdə və o cümlədən, kredit portfelində payı hiss edilən dərəcədə artıb. 21 milyard 718 milyon manatlıq kredit portfelinin 10 milyard 705 milyon manatı xarici valyutadadır. Son zamanlar bankların istehlak kreditlərinin böyük əksəriyyəti dollarladır. Bu baxımdan da manatın devalvasiyasından sonra həmin kreditlərin qaytarılmasında ciddi problemlər müşahidə edilir. 9 milyard 473 milyon manatlıq depoztilərin isə nə az-nə çox təxminən 85 faizi dollarladır.

 

Bankların dollar ilə kredit təklifi başadüşüləndir. Əgər bank vətəndaşdan dollar ilə depozit cəlb edirsə, o zaman həmin vəsaiti elə həmin valyutada kredit formasında təklif etməlidir. Vətəndaşın manata inanmayıb əmanətini dollar ilə saxladığı halda bankdan milli valyutaya inam tələb etmək olmaz. Digər tərəfdən, bankların xarici borclanması da dollarladır. Deməli, bankların cəlb etdiyi vəsaitlərin strukturunda xarici valyuta üstünlük təşkil edir və bu da kreditlərin valyuta növünə təsir göstərir.

 

Amma bu, heç də o anlama gəlməməlidir ki, milli valyuta ilə kredit təklifini artırmaq mümkün deyil. Mümkündür, əgər proseslərə daha çox seyrici mövqeyindən yanaşan Mərkəzi Bank kredit təşkilatlarını və əmanətçiləri təşviq edən fəaliyyətlər həyata keçirməyə çalışarsa..."

 

V. Bayramov qeyd edib ki, manatla kreditlərin verilməsi üçün bankların cəlb etdiyi vəsaitlərin valyuta strukturunun dəyişdirilməsinə ehtiyac var: "Yəni, bank manatla nə qədər çox vəsait cəlb edərsə, o qədər də çox milli valyuta ilə kreditlər təklif edəcək. Bu isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcminin artırılması ilə mümkündür. Əvvəlla, Mərkəzi Bank bankları daha çox kreditlə təmin etməklə onlara həm daha ucuz borclanmaq, həm də manatla kredit təklif etmək imkanı yaratmalıdır. Bu halda bankların manat bazası genişləndiyi üçün milli valyuta ilə daha çox kreditlər təklif edə biləcək. Amma təəssüf ki, məzənnə və infilyasiya təzyiqindən ehtiyatlanan baş bankda kommersiya banklarını manatsız saxlamaq prinsipi hələ də davam edir. İkincisi, mərkəzləşdirilmiş kreditlər şəffaf və açıq şəkildə bölüşdürülməlidir. Bütün banklara, bu vəsaitlərə maneəsiz çıxış imkanı verilməlidir".

 

İqtisadçı hesab edir ki, digər tərəfdən, manatla əmanətlərin indeksasiyası həyata keçirilməlidir: "Təəssüf ki, Mərkəzi Bank dollarlaşmanın qarşısını alacaq bütün islahatlardan kənar durmağa çalışır. Halbuki, zamanında indeksasiya sisteminin tətbiq edilməsi milli valyutaya təzyiqi ciddi şəkildə azalda bilərdi. Bu mexanizmin tətbiqi imkan verəcək ki, insanlar öz depozitlərini milli valyutada saxlasın. Çünki hələ də bir çox insanlarda pulu dollar ilə, yoxsa manatla saxlamaq ilə bağlı qərarsızlıq var. İndeksasiya bu qərarsızlığı aradan qaldıra bilər. Bu zaman indeksasiya ilə bağlı potensial və ya virtual xərclər dövlət tərəfindən qarşılanır. Banklarda manatla yerləşdirilən əmanət dollara indeksasiya edilir. Müqavilə üzrə müddət başa çatdıqdan sonra isə əmanətçi manatla olan pulunu götürən zaman milli valyutanın dəyəri aşağı düşdüyü halda isə yaranan fərq məhz indeksasiya olunduğu üçün dövlət tərəfindən qarşılanır. Yəni, manat dollara nisbətən ucuzlaşarsa, fərq qarşılanır, milli valyutada dəyər qazanırsa, əmanətçi dollar ifadəsində daha çox qazanır. Eyni zamanda, indeksasiya banklarda olan əmanətlərə tətbiq edildiyindən və evdə saxlanan pulları əhatə etmədiyindən banklardakı depozitlərin də həcminin artmasına gətirib çıxaracaq. Vətəndaşların əksəriyyəti öz pullarını evdə deyil, banklarda saxlamağa üstünlük verəcəklər. Bu isə manatla əmanətlərə marağı artırar və nəticədə vətəndaş pulunu bankda milli valyitada saxlamaqda maraqlı olar. Bu, həmdə banklara cəlb edilən milli valyutanın həcmini artırır və nəticədə banklar manatla daha çox kredit təklif etmək imkanı qazanırlar".

 

Göründüyü kimi, Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bankın təcili şəkildə kifayət qədər ciddi addımlar atmasına ehtiyac var. Əks halda milli valyuta kəskin təzyiq altında qalmağa davam edəcək, bu isə üçüncü devalvasiyaya yol aça bilər. Yeni devalvasiyanın baş verməsinin hansı acı nəticələr doğura biləcəyini proqnozlaşdırmaq isə bir o qədər çətin deyil.

Toğrul Əliyev