Dələduzluqda təqsirləndirilən tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəməsi davam edib.

Bakı Ağır Cinayətkər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesdə şahid İlkin Mehdiyev ifadə verib. Şahid ifadəsindən təqsirləndirilən şəxsi 2 dəfə gördüyünü bildirib: "Bacısını tanıyırdım. Bizim məktəbəqədər tədris mərkəzimiz var idi. Ona lisenziya almaq istəyirdik. Yeganə qardaşının tanışları olduğunu, bu işi rahatlıqla həll edəcəyəni deyib. Şirkətin təsisçisi İlahə xanım idi. Mən də icraçı direktor idim. 10 min lisenziya almaq üçün mən vermişəm. 4500 manat da İlahə xanım verib. Mən Əzizi sonradan görməmişəm. Təsisçi kimi İlahə xanım danışıqları aparıb. 10 mini şəxsən mən özüm Əzizə vermişəm".

Ə.Kərimzadə isə pul almadığını deyib: "Aramızda olan yazışmalarda İlkin mənə yazıb ki, İlahə ilə pul söhbəti etməyim. Mən ondan pul almamışam".
Məhkəmədə prokuror vəsatət qaldırıb ki, zərərçəkmişlər və şahidlərin əksəriyyəti dindirilib. Prokuror buna görə də məhkəmə istintaqının yekunlaşdırılmasını istəyib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Proses noyabrın 10-da davam edəcək
Qeyd edək ki, Ə.Kərimzadəyə qarşı əvvəllər də eyni əməllərə görə ittiham irəli sürülmüşdü. İndi Ə.Kərimzadə vətəndaşdan 30 min manat pulu dələduzluq yolu ilə almaqda ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu iş üzrə 4 nəfər zərərçəkmiş şəxs var.
Ə.Kərimzafə ümumi olaraq 60 min manatdan çox məbləği mənimsəməkdə təqsirləndirilir.
Qeyd edək ki, Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub. O, ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlunun ondan 12 min manat alaraq mənimsədiyini bildirmişdi.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmiş, məhkəmə zalından azadlığa buraxılmışdı.