"Arzuları ilə bir yerdə getdi Fərəhim....
Fərəh Yaqubovanın sinif yoldaşlarının valideynləri də onun niyə belə addım atdığını başa düşmürlər.
Ülviyyə Babayeva: "Biz bu hadisədən şokdayıq. Fərəhgilin sinfində 30 şagird təhsil alır. Çox mehriban sinifdi. Onların sinfi məktəbdə birincidir. Bütün bayramlarda başda olub. Tədbirlərin yaxşı əhval-ruhiyyədə keçirilməsinin səbəbkarı Fərəhin anası Şahnaz xanım olub. Fərəhin ölümü ilə bağlı dəqiq heç nə bilmirik. Ondan-bundan eşitmişik ki, dərman içib. Fərəh əla oxuyurdu. Amma qismət deyilən şey var. Çox heyif ki, belə bir uşağın ömrü yarımçıq qaldı.
Natavan Hüseynli: "Şahnaz xanımın sayəsində şagirdlər Qubaya səfər edərdilər. Fərəh yaxşı bir həyat tərzi keçirib. Heç nəyə ehtiyacı olmayıb. Anası qoymayıb ki, o, nədənsə korluq çəksin. Onun anası kimi uşağının nazı ilə oynayan olmayıb. Uşaq getdi, ana da şam kimi yandı. Hamı pis olub. Fərəhin bir xalasının qızı vardı. 2-ci sinifdə oxuyanda xərçəng xəstəliyindən ölüb. O gündən illər keçib, amma Fərəh hələ də onun fikrini edirdi. Onunla bir yerdə yaşayıb, bacı kimi olublar. Onun ölümü şagirdləri də sarsıdıb. Onlar üçün çətin olacaq.
Sevda Quliyeva: "Fərəh qəşəng və nazlı qız idi. Azca da forsu vardı. Həyata baxışı hamıdan seçilirdi. Anası həmişə ona seçilən ad günü keçirərdi. Bütün ad günləri bir yerdə restoranlarda qeyd edərdik. Sonuncu ad gününü oktyabrda qeyd elədi. Nədənsə ora getməmişdim. Yamanca incimişdi. Valideynlərin hamısı onu çox istəyirdi. Çoxlu şəkil çəkdirərdi.
Xatırladaq ki, 12 yaşlı Fərəh Yaqubova Badamdard qəsəbəsindəki evində nənəsinin qan təzyiqini aşağı salan dərmanlarını içdikdən sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam edir.