Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir. Burada tariximizin müxtəlif dövrlərəinə aid maddi- mədəni abidələrə hər addımda rast gəlmək mümkündür. Bu abidələrin bir çoxu hazırkı şəhərin yerləşdiyi yerdə, daha qədimləri isə köhnə Gəncə şəhəri ərazisində öz mövcudluğunu saxlayır.

Unikal.org sputnik.az-a istinadən xəbər verir ki, belə abidələrdən bizə məlum olan ən qədimi "Comərd Qəssab" məqbərəsidir ki, köhnə Gəncə şəhərinin ərazisində yerləşir. Türbə indiki şəhərin yaxınlığında, Gəncəçayın sağ sahilində qədim qala divarlarının 1 km-də tikilib. VII-VIII əsrlərə aid edilən abidə, qədimliyinə görə Gəncənin tarixi vəsiqəsi kimi də qəbul edilir.

Türbə 1139-cu ilin dəhşətli zəlzələsi zamanı tamamilə dağılıb və XIII əsrdə şəhər əhalisi tərəfindən yenidən bərpa edilib. Abidənin qalıqlarını 1940-cı ildə Qədim Gəncənin ərazisində arxeoloji qazıntılar aparan İshaq Cəfərzadə aşkarlayaraq üzə çıxarıb. Abidə sonuncu dəfə 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən təmir edilərək, əvvəlki türbənin formasında restovrasiya edilib. Səkkiz guşəli formada olan türbənin tikisində bişmiş kərpic və gəcdən istifadə edilib.



Türbədə dəfn edilən şəxs barəsində isə, təəssüf ki, heç bir tarixi mənbədə yazılı məlumata rast gəlinmir. Buna baxmayaraq, xalq arasında "Comərd Qəssab" barədə çox sayda rəvayətlər dolaşır.

Rəvayətlərin birində belə deyilir ki, Comərd Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satarmış. Qəribəsi odur ki, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırar, "Əli eşqinə nə artıq alaram, nə əskik verərəm" deyərək, müştərinin istədiyi çəkidə əti kəsib verərmiş. Sonradan alıcı aldığı əti evdə tərəzi ilə çəkdikdə bir misqal belə, artıq-əskiklik olmadığını görərmişlər. Bu səbəbdən qəssabın bu düzgünlüyü dillər dastanı olmuş, öldükdən sonra şəhər əhalisi qəbri üstündə səkkizguşəli türbə ucaltmışlar. Digər bir rəvayətdə isə, Comərd qəssabın, Məhəmməd Peyğəmbərin əmisi oğlu, IV raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə yaşadığı söylənilir. Hələ ərəblər Azərbaycana gəlməmişdən əvvəl o, İslam dini haqda eşidərək Ərəbistana gedib. Orada Həzrət Əli ilə görüşdükdən sonra Gəncəyə dönərək İslam dininin təbliği ilə məşğul olub. Rəvayətlərdə onun şəhərin müdafiəsi zamanı şəhidlik zirvəsinə ucaldığı söylənilir. O da qeyd olunur ki, "Comərd Qəssab" türbəsi, sadə camaatdan (vergi verən təbəqədən) olan bir şəxsin qəbri üzərində ucaldılmış ilk abidədir.