Məşhur aktrisa Meral Konrat Türk Filmlər Həftəsinin açılışı üçün Bakıya gəlib.
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, Meral Konrat açıqlamasında Bakıya yenidən gəldiyi üçün sevincli olduğunu deyib: "Dəvəti qəbul etdim və Bakıya gəldim. Azərbaycanda "Təhminə və Zaur" filmindən üstün yeni layihənin olmasını istəyirəm. Belə bir layihə də var. İnşallah həyata keçsin, məlumat verəcəyik".
Meral Konrat İllər əvvəl Zülfiyyə Xanbabayevanın "Mənimsən" klipində çəkilməsinə də münasibət bildirib: "Məni Fəxrəddin Bakıya dəvət etdi və dedi ki, "Təhminə 2" filmi çəkiləcək. Bakıya gəl. Zülfiyyə Xanbabayevanın isə filmin musiqisini ifa edəcəyini bildirdilər. Mən də inandım. Əgər bunu Fəxrəddin bilmirdisə, mənə deməməsi lazım idi. Mənə klip üçün dəvət edildiyimi bildirməli idilər. Məni sanki uşaq kimi aldatdılar. Bu işdən pul almadım. Buraya Fəxrəddinin sözlərinə güvənərək gəldim. Fəxrəddin dedi ki, gəl "Təhminə 2" tanıtım çarxını çəkək, ssenarini göndərəcəyik, müqavilə üçün yenidən dəvət edəcəyik. Aldadıldığıma görə Fəxrəddindən küsürəm. Pul önəmli deyil. İnsan zəng edər ki, Meral xanım tanıtım filmi üçün çəkdik, amma film alınmadı. Amma klip çəkilirmiş. Ondan sonra Fəxrəddin bəyə dəfələrlə zəng etdim. Filmin ssenarisini soruşacaqdım, amma zənglərimə cavab vermədi. Bir müddət sonra "Nərgiz" jurnalı üçün Bakıya gəldim. Fəxrəddinlə birlikdə fotolar çəkdirdik. O mövzunun açılmasını istədim, amma heç nə soruşa bilmədim. İnsan qardaşına da əsəbləşir. Fəxrəddinlə qardaş kimi olmuşuq. Fəxrəddin ən azından ona görə məndən üzr istəsin. Mən məhkəməyə verib təzminat davası açdıra, çoxlu pul da qazana bilərdim. Amma etmədim, çünki Fəxrəddini sevirəm. Zülfiyyə xanıma da çox əsəbiyəm. Zülfiyyə xanımla burada tanış oldum. O, tanınmış sənətçi ola bilər, amma sənətçi olaraq bu alətə ortaq olmaq heç xoş deyil. Fəxrəddin Manafov və Zülfiyyə Xanbabayeva məndən üzr istəməlidir. Bu gün Fəxrəddin Manafovun gələcəyini bilmirəm. Amma dəvət edilib".
Qeyd edək ki, Fəxrəddin Manafov Türk Filmlər Həftəsinə dəvət edilsə də, iştirak etməyib.