Xəbər verildiyi kimi, dekabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat nəticəsində Cami Emin Əzizağa oğlu Bakı ətrafındakı ictimai yerlərdən birində öldürülüb. Məlumatda bildirilir ki, E.Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəmərini partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.
1978-ci il təvəllüdlü E.Cami 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunubmuş.
Ölkədə radikal dindarlara qarşı əməliyyatlar 2008-ci ilin avqust ayının 17-də "Əbu Bəkir məsciddə baş vermiş terror aktından sonra başlayıb. Xatırladaq ki, məscidə atılmış əl qumbarası nəticəsində iki nəfər ölmüş, bir neçə nəfər yaralanmışdı. Bundan sonra MTN bir sıra səs-küylü əməliyyatlar keçirdi.
Bunlardan ən yaddaqalanı "Meşə qardaşları adlı silahlı birləşməni zərərsizləşdirməsidir. "Əbu Bəkr məscidinin partladılmasında şübhəli bilinən əsas adam, "Meşə qardaşları silahlı birləşməsinin başçısı, Azərbaycan vətəndaşı İlqar Mollaçiyevin sentyabrın 7-də Dağıstanda öldürülməsindən sonra da Azərbaycanda həbslər davam etdi. 2009-cu il yanvarın 14-də xüsusi plan əsasında keçirilmiş antiterror tədbirləri nəticəsində sıralarında Emin Caminin də olduğu 31 nəfərdən ibarət dəstə ələ keçdi. 2008-ci ildən təşkilatlanan və "Abdulla ləqəbi ilə tanınan Azər Misirxanovun rəhbərlik etdiyi dəstənin beynəlxalq terrorçu şəbəkə ilə əlaqəsi olduğu iddia edilirdi.
Bildirilirdi ki, Azər Misirxanovun dəstəsi Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində sabitliyi pozmağı, əhali arasında vahimə yaratmaq üçün bir sıra terrorçuluq aksiyalarını təşkil etməyi, o cümlədən "Bakı-Novorossiysk neft boru kəmərini partlatmağı planlaşdırıbmış. Dəstə üzvlərinin məhkəməsi başlamamış, 2009-cu ilin dekabr ayının 10-da "Abdulla ləqəbli Azər Misirxanovun Əfqanıstanda ABŞ qüvvələri tərəfindən silahlı birləşmələrə qarşı həyata keçirilən əməliyyat zamanı öldürüldüyü xəbəri yayıldı.
E.Caminin də ittiham olunduğu məhkəmə prosesi 2010-cu ilin yanvarında başladı. Prosesə əvvəl bu cür ittihamlarla keçirilən məhkəmədə hakim olan Əflatun Qasımov sədrlik etsə də, sonradan bilinməyən səbəbdən hakim dəyişdi. Sözügedən məhkəmədə vəkillərdən imtina edən üç nəfərdən biri də məhz Emin Cami idi.
Bu dəfə Azər Orucovun sədrliyi ilə başlayan prosesdə dəstə üzvlərinə Cinayət Məcəlləsinin 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürüldü.
İttiham olunanlardan biri Asif Əmikişili o vaxt belə bir açıqlama vermişdi ki, indi onu xatırlatmaq yerinə düşür. O, müxtəlif kütləvi informasiya vasitələrində onlar barəsində radikal vəhhabi olmaları barədə yazılanlara sərt etiraz bildirmişdi:"BəziKİV-lərdə bizi radikal vəhhabi adlandırırlar, ancaq bu, belə deyil. Biz vəhhabi deyilik.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 nəfərin məhkəmə prosesi 2010-cu ilin 18 iyununda yekunlaşdı.
Məhkəmənin hökmü ilə Emin Cami 8 il, Asif Əmikişili, Rəşid Mustafayev 15 il, Emil Şıxəliyev 14 il , Mahir Allahverdiyev, Firdovsi Quliyev 13 il, Vasif Ömərov, Elməddin Fərəcov, Faiq Cəfərovun 12 il, İbadət Alazov, Teymur Axundov 11 il, Kamran İlyasov, Amil Xəlilov, Elnur Qazıyev, Elşən Druskarın 10 il, Ceyhun Əliyev, Zeynal Əkbərov, Mahir Abdullayev 9 il, Mehdi Kərimov, Tural Həsənov, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Vüsal İsayevin 7 il, Ramil Fərzəliyev, Namiq Məmmədov 6 il, Elçin Canağayev 5 il, Vüqar Abdullayev, Arif İbrahimov, Fuad Mövsümov, Rəşad Mahmudov 4 il, Bəxtiyar Mustafayev 3 il müddətinə azadlıqdan məhrum edildi.
DTX-nın rəsmi məlumatda bildirilir ki, E.Cami bu ilin əvvəlində azadlığa buraxılıb. Qanunvericiliyin tələbinə görə, məhkumluq müddəti həbs günündən hesablandığı üçün E.Cami məhkəmənin hökmündən sonra 6 il həbsxanada cəza çəkib. Terrorçuluqda adı keçənlər adətən, məhkəmə hökmündən sonra Qobustan həbsxanasına köçürülürlər. E.Caminin hansı həbsxanada cəza çəkdiyi mediaya məlum deyil.
Amma DTX-nın məlumatından bu nəticəyə gəlmək olar ki, o, azadlığa çıxdıqdan sonra yenidən qeyri-qanuni fəaliyyətlə məşğul olub. Məlumatda deyilir ki, E.Caminin ölkə ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr olub. Güman ki, həbsdən çıxdıqdan sonra o, yenə də izlənib.
Onun zərərsizləşdirilməsinə gəlincə, burada cavabını gözləyən suallar var ki, yəqin, bunlara yaxın günlərdə rəsmi aydınlıq gələcək. Doğrudur, DTX böyük bir təhlükəni dəf edib və terroristi insanlarımıza xətər yetirmədən zərərsizləşdirib və qətliamın qarşısını alıb.
Lakin burada ortaya çıxan əsas sual budur ki, E.Caminin təhlükəli əməlləri haqda məlumat olduğu halda, niyə o, əhalinin kütləvi toplaşdığı məkana getməzdən əvvəl zərərsizləşdirilməyib. Yada salaq ki, oktyabrın 26-da DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevi də Bakı-İstanbul avtobusunda üzərində olan əl qumbarasını partlatmaq istərkən zərərsizləşdirmişdi.
Mövzuya qayıdacağıq.
"YM