"Valyuta bazarımızda bu gün də dollar bahalaşdı. Deməli, "valyuta artıqlığı olan banklar yenidən dollar alaraq tələb yaratdılar. Və bu o deməkdir ki, dünən yazdığım kimi, "valyuta artıqlığı sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır.
Unikal.org xəbər verir ki, bunu iqtisadçı ekspert Vuqar Bayramov deyib. O, bildirib ki, bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar: "İnanmaq istərdim ki, banklar dollarları süvener kimi saxlamırlar. Çünki əslində, süvener kimi saxlasaydılar o zaman "qara bazarda da dollar qıtlığı olardı.
Mərkəzi Bank deyir ki, banklar "qara bazara dollar vermirlər. Belə anlaşılmırmı, "qara bazar artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, "qara bazarımızın hələlik elə hüququ yoxdur. Onsuz da hərraclar da qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır.
Maraqlıdır ki, hamı "qara bazardan danışır, amma nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirmir ki, həmin bazara pul haradan və necə daxil olur. Və ya müəyyənləşdirsələr də real addımlar atmaq istəmir.
Amma nə qədər ki, "qara bazar fəaliyyətini genişləndirəcək o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək.