"Həm gənc ailələr, həm də gənc ailə nümayəndəsi olmayan insanların da sosial mənzillər əldə etmək hüququ var.

Unikal.org-un məlumatına görə, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev açıqlama verib. O bildirib ki, həm sosial mənzil, həm də sosial ipoteka əldə etmək hüququ olan şəxslərin kateqoriyaları müəyyən edilib. Agnetlik rəhbəri əlavə edib ki, gələcəkdə həmin kateqoriyaların genişləndirilməsi üçün müvafiq qurumlara təkliflərin verilə biləcəyi də istisna edilmir.

Sosial mənzillərin tikinti prosesi barədə də məlumat verən Samir Nuriyev qeyd edib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal yaşayış kompleksinə dair sənədlər tam hazırdır və aiddiyatı üzrə dövlət ekspertizasının keçirilməsi üçün təqdim olunub.

"Dövlət ekspertizası rəyini verdikdən sonra, çox güman ki, 1-2 ay ərzində layihəyə start veriləcək. Layihə 11,6 hektar ərazini əhatə edir. Ərazidə 29 binanın tikilməsi nəzərdə tutulub. Mənzillər 1, 2, 3 otaqlardan ibarət olacaq. İlk təhvil verilmə tikintiyə başladıqdan 1 il yarım, 2 il keçdikdən sonra baş tuta bilər. Bu işin gedişatından asılı olacaq. Amma hesab edirik ki, birinci layihə üzrə ümumi işi 2 il ərzində tamamlamaq mümkün olacaq.

İşlərin plana uyğun şəkildə həyata keçirildiyini deyən Samir Nuriyev, sosial mənzillərin təhvil verilməsində ləngimənin gözlənilmədiyini diqqətə çatdırıb.