Azərbaycanda minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaq.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək. Ötən on il ərzində keçilmiş yolu davam edərək, dövlət iqtisadi inkişafın ən yoxsul insanları əhatə etməsini və beləliklə də ünvanlı olaraq yoxsulluğun aradan qaldırılmasını təmin edəcək.

Yol xəritəsində bildirilir ki, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaq: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək.

Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaq.