SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) beynəlxalq ödəniş təşkilatının rəhbərliyi kiberhücumlarla bağlı banklara xəbərdarlıq edib.
Unikal.org report-a istinadən xəbər verir ki, xəbərdarlıqda hakerlərin yerli bank sistemlərinin "sındırılması" üçün öz metodlarını inkişaf etdirdikləri bildirilir. Yeni üsullardan biri hakerlərə texniki dəstək kompüterlərinə çıxış imkanı yaradan proqram təminatının istifadəsi ilə bağlıdır.
Qeyd edək ki, SWIFT hazırda qlobal maliyyə bazarlarında, əsasən də banklar arasında maliyyə əlaqələrini yaradan və yüksək təhlükəsizliyə sahib olan sistemdir. Bu sistem vasitəsilə hər gün maliyyə təşkilatları arasında 7 mln.-a yaxın əməliyyat həyata keçirilir. Sistemin 209 ölkədə 11 minə yaxın üzvü qeydə alınıb və bunun 9 minini banklar təşkil edir.
Azərbaycanda da əksər banklar SWIFT sisteminə qoşulub. Sistemə qoşulmaq üçün ödəniləcək məbləğ 400 min Belçika frankı (11 200 ABŞ dollar) təşkil edir.