Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər 2017-2020-ci illərdə düşməkdə davam edəcək.
Unikal.org bildirir ki, "Report"un analitik qrupu 2017-ci ildə daşınmaz əmlak bazarında qiymətlərin manat ekvivalentində dəiyşməyəcəyini, amma dollar ekvivalentində 15-25% azalacağını proqnozlaşdırır. Belə ki, Agentliyin analitikləri 2017-ci il üçün ölkədə dolların orta məzənnəsinin ən azı 2,05-2,10 AZN/USD diapazonunda olacağını ehtimal edir ki, bu da cari məzənnədən təxminən 20% çoxdur.
Manat kütləsinin 2017-ci ildə sterilizasiyasının davam etməsi, bank sektorunda sağlamlaşdırma prosesinin yekunlaşmaması gələn il də likvidlik problemini həll etməyəcək. Məzənnənin dəyişməsi manat ekvivalentində cari qiymətlərin azalmasının qarşısını alsa da, real olaraq dollar ifadəsində daşınmaz əmlak qiymətləri ucuzlaşacaq. Köhnə tikililərdə kommunal qiymətlərin artması səbəbindən tələbin yeni tikililərə görə üstünlük təşkil edəcəyi gözlənilir. Qazı olmayan yeni tikililərdə isə qiymətlər ümumiyyətlə kəskin aşağı düşə bilər.
"Ən çox qiymət azalması bağ evlərində müşahidə olunacaq. Bu evlərin ilin əsasən 3 ayında istifadə edildiyini, lakin kommunal xərclərinin çox olduğunu nəzərə alaraq bu seqmentdə olan evlərin maya dəyərindən asılı olmayaraq ucuzlaşacağı gözlənilir", - deyə "Report"un analitikləri qeyd ediblər.
Qeyd edək ki, 2008-2009-cu illərdə yaşanan qlobal maliyyə böhranı zamanı daşınmaz əmlak ucuzlaşsa da tezliklə qiymətlər bərpa olunub, hətta bir qədər də artıb. Lakin cari böhranın daha uzunmüddətli olacağı artıq qəbul edilən faktdır. Əhalinin real gəlirlərinin azalması fonunda daşınmaz əmlaka tələb ciddi şəkildə azalıb və bu mənfi dinamika davam edəcək. Belə ki, yüksək gəlir qrupuna aid olan insanların kifayət qədər yatırımları var və hazırkı aşağı həddə olan icarə haqları onları yeni yatırımlar etməyə cəlb etmir. Qeyd edək ki, əhalinin real gəlirlərinin azalması onları "neft bumu" illərində daşınmaz əmlaka etdikləri yatırımlarını satışa çıxarmağa vadar edə bilər. Bu da bazarda təklifin artmasına səbəb olacaq.
Müsbət amil isə odur ki, Azərbaycanda köhnə tikililərin sökülməsi işləri gedir və bununla bağlı yerli sakinlərə ödənilən kompensasiyalar daşınmaz əmlak bazarını bir qədər aktiv saxlamağa kömək edir. Lakin qeyd etməliyik ki, hazırda Bakı şəhərində kifayət qədər də yeni bina tikilir və onlar bazarda yeni təklif portfeli yaradır.
Azərbaycanda iqtisadi artım yaxın illərdə 2-3%-ə yüksəlsə belə, real gəlirlərin böhran öncəsi səviyyəyə çatması ən az 5 il çəkəcək. Bu səbəbdən daşınmaz əmlak sektorunda durğunluğun davam etməsi proqnozlaşdırılır.