Azərbaycanda dövlət büdcəsinin icrası ilə bağlı şərtlərdə və qaydalarda dəyişiklik edilir.

Unikal.org apa-ya istinadən məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə "Büdcə sistemi haqqında qanunun 20-ci (Dövlət büdcəsinin icrası barədə hesabat) maddəsinə əlavə və dəyişiklik təklif edilir.

Layihəyə əsasən, maddəyə əlavə edilən 2-2-ci bəndə görə, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin may ayının 5-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Maddənin 3-cü bəndinə edilən dəyişikliyə görə isə, dövlət büdcəsinin icrası barədə hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri və dövlət büdcəsinin Ehtiyat Fondunun, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən il ərzində istifadə ilə yanaşı, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında da məlumatları da əks etdirəcək.

Maddəyə əlavə edilən 4-1-ci bəndə görə, müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma və qaydada hesabatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət qurumlarına təqdim edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxış imkanlarını təmin edəcək.

Maddəyə əlavə edilən digər 4-2-ci bəndinə görə isə, dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışın təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 16-da müzakirəyə çıxarılacaq.