Cari ilin noyabr ayında Azərbaycanda minik avtomobillərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,5% artıb.

Unikal.org xəbər verir ki, report-a rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, yanvar-noyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə bahalaşma isə 10,4% səviyyəsində olub.

Minik avtomobillərinin ehtiyat hissələri də noyabr ayı ərzində 0,9% bahalaşıb. Cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə isə 30,7% artım qeydə alınıb.

Xatırladaq ki, 2015-ci ilin yanvar-noyabr ayları ərzində minik avtomobillərinin qiymətində illik cəmi 2,9%, ehtiyat hissələrinin qiymətində isə 3,3% artım qeydə alınmışdı.

Rəsmi statisikaya əsasən velosipedlər də noyabrda 0,8% bahalaşıb. İllik artım isə 20,3% təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6% artıb.
2016-cı ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsulları və xidmətlər 1,7%, o cümlədən ərzaq məhsulları 2,6%, qeyri-ərzaq məhsulları 1,9%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,3% bahalaşıb.