"Bakıda yeni evlər bazarında noyabr ayında dollar ekvivalentində qiymətlər oktyabr ayı ilə müqayisədə 4,96 faiz artıb.
Unikal.org xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. O qeyd edib ki, ilin əvvəlindən isə qiymətlər 14,77 faiz azalıb.
N.İbrahimov həmçinin vurğulayıb ki, torpaq və kirayə bazarında qiymətlər artıb: "Bir ay ərzində torpaq satış qiyməti dollar ekvivalentində 1,8 faiz artıb, ilin əvvəlindən isə 28,85 faiz azalıb. Ev kirayəsində isə bir ay ərzində qiymətlərdə 0,68 artım olub, ilin əvvəlindən isə 26,04 faiz azalıb".
Onun sözlərinə görə, bazarın digər seqmentlərində bir ay ərzində azalma müşahidə olunub: "İkinci evlər bazarında noyabr ayında 1,75 faiz, il ərzində 29,06 faiz, kommersiya obyektləri bazarında noyabr ayında 1,38 faiz, il ərzində 22,29 faiz, kommersiya obyektlərinin icarəsi sahəsində isə noyabr ayında 4,32 faiz, il ərzində 33,12 faiz azalma müşahidə olunub".
Ümumilikdə, noyabr ayında daşınmaz əmlak qiymətlərində 0,67 faiz azalma olub. İlin əvvəlindən isə qiymətlərdə 25,41 faiz azalma qeydə alınıb.