Dekabrın 20-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,7525 məzənnəsi ilə başlayıb və 1,7570 məzənnəsi ilə yekunlaşıb. Qeyd edək ki, "qara bazarda dolların alış qiyməti 1,90 manata, satış qiyməti isə 1,92 manata qalxıb. Hərracda dolların bahalaşmasından sonra "qara bazarda dolların qiymətinin bir qədər də artacağı gözlənilir.

Dekabr ayının 20-dən etibarən iki bank dollar satışını bərpa edib. Fins.az-ın məlumatına görə, söhbət "Bank BTB və "Rabitəbankdan gedir.

"Bank BTBdən fins.az-a verilən məlumata görə, xarici valyuta satışı 50-100 dollar/avro limitlə həyata keçirilir. "Rabitəbankda isə satış üzrə limit 100 dollar/avro təyin edilib.
Qeyd edək ki, bundan əlavə, "Bank Silk Vey limiti artırıb. Dünən bankda dollar üzrə limit 100, avro üzrə 90 müəyyən edilmişdirsə, bu gün dollar üzrə limit 200, avro üzrə 100 olub. Amma bu məbləği yalnız hava limanında uçuş bileti olan müştərilər ala biləcək.
Bakıda isə daha bir qanunsuz valyuta mübadiləsi edən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 19-da Şamaxı rayon sakini Şirzad Qasımov paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 366 manata dəyişərkən Nizami RPİ əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Ekspert Qubad İbadoğlu deyib ki, manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq:"Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulacağı elan edilib. Verilən məlumatlara görə, hazırda tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi üçün hazırlıq işləri gedir. Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin dünya bazar qiymətlərinin ucuzlaşması səbəbindən tədiyə balansının cari hesablar hissəsində kəsirin yaranması manatın məzənnəsinə təzyiqi artırıb və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğrayıb. Sonuncu devalvasiya zamanı Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilib, üzən-tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılıb. Gedən müzakirələr onu göstərir ki, son 1 ildə tətbiq olunan üzən-tənzimlənən məzənnə rejimi lazımi səmərə vermədiyindən, tam üzən məzənnə rejimə keçid istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilib, orta müddətli dövrdə isə tamamilə ləğv edilməsindən sonra təmin ediləcək. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatı tam üzən məzənnə rejiminə keçidə hələ də hazır deyil. Odur ki, böyük ehtimalla, yaxın zamanlarda da manatın kursunun təyini üzən-tənzimlənən məzənnə rejimində davam edəcək. Belə olan halda da valyuta bazarına inzibati müdaxilə strategiyası davam edəcək və manata təzyiq başlayandan, 2014-cü ilin noyabr ayından indiyə qədər 11 milyard dolları "tonqalda yandıran Mərkəzi Bank yenə də əvvəlki siyasətini davam etdirəcək".

Ekspertin sözlərinə görə, üzən məzənnə rejiminə keçidin şərtlərinə daxili maliyyə bazarının inkişafı, bazarda risklərin sığortalanmasına istiqamətlənmiş tədbirlərin, hedcinqin həyata keçirilməsi və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim olunması daxildir:"Bundan əlavə, bu məqsədlə banklararası bazarın fəaliyyətinin səmərəli qurulması da çox önəmlidir. Bütün bu məsələlər "Yol xəritəsi"ndə nəzərdə tutulsa da onların yaxın zamanlarda reallaşdırılması gerçək görsənmir. Vəziyyəti dəyərləndirmək üçün ilk növbədə xarici ticarət əməliyyatlarına nəzər yetirək. "Yol xəritəsi"ndə nəzərdə tutulur ki, tam üzən məzənnə rejimi istehlak səbətində idxal məhsullarının payı azalacağı halda mümkün olacaq.

Əks təqdirdə, valyutaya olan tələbatın yüksək olması manatın ABŞ dollarına nəzərən məzənnəsini də sürətlə dəyərsizləşdirə bilər. Son statistik məlumatlar onu göstərir ki, hətta ötən il tam üzən məzənnə rejiminə keçid üçün şərait bu illə müqayisədə daha əlverişli olub. Belə ki, bu ilin 11 aylıq gömrük məlumatlarına görə, Azərbaycanda xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrünə nisbətən 1 milyard 824 milyon 200 min dollar və ya 75 faizə qədər azalıb. Müqayisə olunan dövrdə ixracatın 2 milyard 304 milyon 300 min dollar və ya 30 faizdən çox azalması müqabilində, idxal əməliyyatları 479,4 milyon dollar və ya 6 faizə qədər azalıb. Göründüyü kimi, ixracatın azalması tempi idxalı 6 dəfəyədək üstələyib. Bu isə o qənaətə gəlməyə əsas verir ki, istehlak səbətində idxal məhsullarının payının azalması ilə bağlı gözləntilər özünü doğrultmayıb. Əksinə, bu ilin 11 ayında qeyri-neft ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz və ya 488 milyon dollar azalıb.

Deməli, Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan ilk strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin tam üzən məzənnə rejimi üzərində qurulacağı inandırıcı görsənmir. Çünki hazırkı şərtlər daxilində manatın ABŞ dollarına nəzərən kursu tam üzən məzənnə rejimində sürətli sıçrayışa məruz qala bilər. Bəs belə olan halda hazırkı situasiyada manatı nə gözləyir? Fikrimcə, qarşıda 2 ssenarı durur. Əgər hökumət tam üzən məzənnə rejiminə keçiddə israrlıdırsa, onda ya yumşaq devalvasiyanı daha sürətlə davam etdirməli, ya da kəskin devalvasiya seriyasından 3-cü devalvasiyaya qərar verməlidir ki, sonrakı mərhələdə tarazlaşdırılmış məzənnə indiki kursdan çox fərqlənməsin.

Yaxud hökumət üzən tənzimlənən məzənnə siyasətini davam etdirəcəksə, onda manat gələn ildə də bu ildə olduğu kimi kiçik templə olsa da, dəyər itirərək yenə zəifləyəcək. Bu halda Mərkəzi Bank toplanmış strateji valyuta ehtiyatlarını "tonqalda yandırmaqla, Dövlət Neft Fondu isə izafi manat ehtiyatı hesabına anbarlarını milli valyuta ilə doldurmaqla məşğul olacaq. Hər iki ssenaridə manat ABŞ dollarına nəzərən ucuzlaşacaq, onlar arasında yeganə fərq ucuzlaşmanın tempində olacaq. Birinci ssenaridə ucuzlaşma tempi indikindən daha sürətli, ikinci variantda isə hazırkı səviyyədə olacaq. Hər iki variantda yenə də hədəf manatın gerçək və tarazlaşdırılmış məzənnəyə yaxınlaşması olmalıdır ki, o da indiki səviyyədən xeyli yuxarıdır".