2 gün əvvəl Ankaradakı sərgi salonunda Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi olayı ilə bağlı yeni faktlar üzə çıxıb.
Unikal.org bildirir ki, sözcü.com.tr Andrey Karlovun qatilinin necə öldürüldüyü prokurorluqdakı qaynaqlardan öyrənib.
Bildirilir ki, Mert Altıntaş dekabrın 19-da yerli vaxtla saat 19.05-də Karlova atəş açaraq onu öldürüb. Dərhal sonra türk və ərəb dilində bəzi sözləri deyən qatil salondakı fotoları divardan sökməyə başlayıb. Hadisə yerinə ilk olaraq polislər saat 19.27-də yaxınlaşıb. "Təslim ol çağırışına atəşlə cavab verən M.Altıntaş yerə uzanaraq müqavimətə davam edib. Az sonra divarın arxasına keçən 22 yaşlı polis əməkdaşı ilk olaraq saat 19.32-də ayağından yaralanıb. Onun ayağında ümumilikdə 4 güllə yarası aşkarlanıb. Lakin yaralanmasına baxmayaraq M.Altıntaş uzanıqlı vəziyyətdə atəş açmağa davam edib və çevik polis alayının əməkdaşlarının saat 19:42-də açdığı atəş onun boyun nahiyəsinə dəyib.
Bununla da terrorçu hərəkətsiz vəziyyətə düşüb.
Maraqlıdır ki, M.Altıntaş zərərsizləşdiriləndən sonra olay yerinə cəmləşən polislər birdən-birə dağılışıb. Onlar bunu M.Altıntaşın üzərində və ya binada partlayıcı olma ehtimalına görə ediblər. Bir neçə dəqiqədən sonra partlayıcının olmadığı dəqiqləşib və tibb xidməti saat 19:49-da binaya daxil olaraq səfirə yardım göstərməyə çalışıb.