İnsan alverində ittiham olunan Ucar rayon sakini, 1969-cu il təvəllüdlü Təranə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, Təranə Abdullayeva Vəfa Məmmədovanın (ad və soyad şərti verilib) imkansızlığından istifadə edərək, onu cinsi istismar edilməsi üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb. Vəfa Məmmədova onun nəzarəti altında fahişəliklə məşğul olub və əldə etdiyi pulun bir hissəsini ona verib.
Bundan başqa Təranə 2012-ci ilin iyununda Dubaydan telefon vasitəsilə Nəsimi rayonunda yaşayan Sahibə Əmirova (ad və soyad şərti verilib) ilə telefon vasitəsi ilə əlaqə saxlayıb. O, Sahibəni də Dubaya gəlməyə razı salıb. Onlar birlikdə iyunun 24-də Dubaya gediblər.
Həmin ilin avqustunda Bakıya gələn Təranə Abdullayeva Gəncədə yaşayan Gülnarə ilə danışıb və onu Dubaya getməyə razı salıb. Növbəti dəfə Azərbaycana gələn Təranə Abdullayeva Gəncədəki "Qaya" restoranında Ramella ilə görüşüb. O, Ramellanı da eyni təkliflə Dubaya aparıb.
Təranə Abdullayeva özü ilə Dubaya apardığı azərbaycanlı qadınları fahişəlik etməyə məcbur edib və onların seks xidməti qarşılığında qazandıqları pulların hamısını özünə götürüb.
İdarə əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Təranə Abdullayeva həbs edilib.
Təranə Abdullayeva Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) və 144-1.2.2-ci (təkrar insan alveri törətmək) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Abdullayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Təranə Abdullayeva apelyasiya şikayəti verib. O, bildirib ki, əri rəhmətə gedib və uşaqlarını təkbaşına böyüdüb. O, himayəsində 75 yaşlı anasının da olduğunu bildirib. Təranə Abdullayeva barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyib.
Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Təranə Abdullayevanın şikayəti qismən təmin edilib və onun cəzası 8 ilə endirilib.
Bu qərardan da narazı qalan Təranə Abdullayeva kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Təranə Abdullayevanın kasasiya şikayəti araşdırılıb. Hakim heyəti onun şikayətini təmin etməyib.