Türkiyənin Samsun şəhərində 85 yaşlı kişini edlənmək vədi ilə aldadıb sərvətini ələ keçirməyə çalışan azərbaycanlı qadın yaxalanıb. 61 yaşlı Rəbiyyə D. özündən 24 yaş böyük olan ahıla aldırdığı qızıllarla birlikdə aradan çıxmağa çalışarkən polis jandarma əməkdaşları tərəfindən yaxalanıb.
Unikal.org-un məlumatına görə, Samsunun Tekkeköy qəsəbəsinin Yağbasan Məhəlləsində yaşayan Kazım Üstündağın evlənmək istədiyini öyrənən Rəbiyyə D., Kahramanmaraşdan Samsuna gəlir və ərindən boşandığını, onunla evlənmək arzusunda olduğunu deyir. Bu zaman Kazım Üstündağın evində yaşamağa başlayan Rəbiyyə D.-dən yerli jandarma əməkdaşları şübhələnirlər. Onun ahıl kişini aldada biləcəyini göz önünə alan jandarma, qadını gizlicə nəzarətə götürürlər.
Rəbiyyə ilə ailə qurmağa hazırlaşan Kazım Üstündağ isə srağagün bir zərgərlik dükanına gedib oradan 2 ədəd qızıl bilərzik, 2 ədəd qızıl üzük, 1 ədəd isə qızıl sırğa alır, qızılları və əlavə 500 türk lirəsini qadına verdikdən sonra evlənmə sənədlərinin hazırlanması iə məşğul olmaq istədiyini deyir. Rəbiyyə D. isə ona şəxsiyyət vəsiqəsini Malatyada itirdiyini, ora gedib yeni şəxsiyyət vəsiqəsi almalı olduğunu, yalnız bundan sonra ailə qura biləcəklərini söyləyir.
81 yaşlı kişi ona gedərkən qızılları təhvil verməsini tələb edir. Qadın qızlların evdə olduğunu deyib Tekkeköy avtovağzalına yolanır. Bu zaman Kazım Üstündağın evinə jandarma əməkdaşları gəlir, qadını soruşurlar, yaşlı kişi isə onlara məsələni olduğu kimi danışır.
Jandarma evdə axtarışa başlayır, amma qısılları tapa bilmir. Bundan sonra onlar avtovağzala gedir və qadını gözaltına alırlar.
İlkin araşdırmalar zamanı Azərbaycan əsilli qadının hələ də evli olduğu üzə çıxır.
Bundan başqa onun evlənmək adı ilə daha 3 kişiyə qarşı dələduzluq etdiyi ortaya çıxır.
Artıq qadının işi məhkəməyə göndərilir və yaxın saatlarda onun haqqında həbs qərarı çıxarılması gözlənilir.
Qeyd edək ki, bu xəbər Türkiyədə geniş ajiotaj doğurub, telekanallardan tutmuş xəbər portallarınacan yerli mediada günün əsas xəbərinə çevrilib.(qaynarinfo.az)