"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda münaqişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir və bu məsələni yaxından izləyir.
Unikal.org xəbər verir ki, bunu APA-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Ermənistanın təxribatının qarşısını alarkən həlak olan və düşmən nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən BQXK-nin Azərbaycan nümayəndəliyinə müraciətinə münasibət bildirərkən deyib.
"Biz meyitin geri qaytarılmasında neytral vasitəçilik etməyə hazırıq, - deyə İ. Hüseynova qeyd edib.
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.