Bakıda 18 yaşlı tələbənin polis tərəfindən döyülməsi barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, bayram günlərində bəzi saytlarda Bakının Sabunçu rayonu ərazisində 18 yaşlı lisey tələbəsi Mirbala Qasımzadənin guya polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumatlar yayılıb:
"18 yaşlı Mirbala Qasımzadənin polis əməkdaşları tərəfindən döyülməsi və xəsarət alması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu, bayram günlərində gücləndirilmiş iş rejimində çalışan polisin işgüzar nüfuzuna kölgə salmağa yönələn məlumatdır. Belə ki, yanvarın 1-də saat 00:30 radələrində Sabunçu qəsəbəsi Şəhər şosesi küçəsində yerləşən yerüstü keçidin yanında bir neçə şəxsin mübahisə etməsi və səs-küy salması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları həmin ünvanda dava-dalaş edən şəxsi və zərərçəkmişi 12-ci Polis Bölməsinə gətiriblər. Bu haqda müvafiq raportlar yazılıb və iş materiallarına əlavə edilib.
Qeyd olunub ki, zərərçəkmiş, 1986-cı il təvəllüdlü Paşayev İlham Əli oğlunun da ərizə və izahatı alınıb, xəsarət alıb-almadığını müəyyən etmək üçün barəsində Məhkəmə Tibbi Ekspertizası təyin edilib. Zərərçəkmişlə dalaşan, 1998-ci il təvəllüdlü Qasımzadə Mirbala Vüqar oğlunun sərxoşluq dərəcəsinin təyini məqsədilə aparılan tibbi müayinə zamanı onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən olunub. Mirbala Qasımzadə 12-ci Polis Bölməsinə gətirilərkən üst-başının palçıqlı, üz nahiyəsində xırda sıyrıqlar olduğu üçün məsul növbətçi tərəfindən müvafiq akt tərtib edilib. Bundan əlavə, hadisə yerində olan müşahidə kamerasının görüntüləri iş materiallarına əlavə edilib.
Xatırladaq ki, bayram gecəsiBakının Sabunçu rayonu ərazisində18 yaşlı lisey tələbəsi polislər tərəfindən döyülüb. SalamNews-in məlumatına görə, xəstəxanaya yerləşdirilən Mirbala Qasımzadənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Hadisə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib. Bayram atəşfəşanlığından sonra evə qayıdan Mirbala Vüqar oğlu Qasımzadənin 62 nömrəli avtobusda tanımadığı şəxslə mübahisəsi düşüb. Gənclər aralarındakı mübahisəni avtobusdan düşdükdən sonra həll etmək istədikdə onlara polis maşını yaxınlaşıb və Mirbala Qasımzadəni polislər zorla maşına oturdublar.
Zərərçəkmişin anası Pərvanə Qasımzadənin dediyinə görə, polis əməkdaşları onun oğlunu möhkəm döydükdən sonra 12-ci polis bölməsinə aparıblar. Orada da oğlu ilə görüşməyə imkan verməyiblər.Sonra M.Qasımzadənin spirtli içki qəbul edib-etmədiyini yoxlamaq məqsədilə polislər onu alkotesterdən keçiriblər. Məlum olub ki, 17 nömrəli Bakı Peşə Liseyinin tələbəsi hadisə vaxtı içkili olub. İlkin araşdırmalardan sonra zərərçəkmiş valideynlərinə təhvil verilib.
Pərvanə Qasımzadənin bildirdiyinə görə, oğlunu evə gətirən zaman onda ürəkbulanması, baş gicəllənməsi halları baş verib. Təcili tibbi yardım maşını ilə Mirbala Qasımzadə yaşadığı Sabunçu qəsəbəsi, Demyan Bednı küçəsi, ev 5-dən 3 nömrəli xəstəxanaya gətirilib. İlkin müayinələr zamanı 18 yaşlı gəncdə qapalı kəllə-beyin silkələnməsi, burun sümüyünün sınığı və bədənin müxtəlif nahiyyələrinin əzilməsi aşkar edilib. Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə sorğu göndərilsə də, onlarda belə bir məlumatın olmadığı bildirilib. Zərərçəkmişin anası Pərvanə Qasımzadə isə sahə müvəkkili Elvin Qafarovun oğlunun yanına gələrək polislərdən şikayətçi olmamağını xahiş etdiyini bildirib. Zərərçəkmiş oğlunun polis tərəfindən döyüldüyünü, polis isə rəsmən belə hadisənin olmadığını deyir.