Ötən gecə Lənkəran rayonunun Digah kəndində oğurluq hadisəsi baş verib.
Unikal.org report.az-a istinadən bildirir ki, iki nəfər olduğu ehtimal edilən naməlum şəxslər əvvəlcə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-yə məxsus Lənkəran Regional Poçt Filialının Digah-Şilavar poçt şöbəsinin binasına daxil olublar.
Poçt müdiri Babulla Nuriyevin sözlərinə görə, seyfdə pul olduğunu zənn edən naməlum şəxslər istədiklərini əldə edə bilməyiblər.
"Onlar nə qədər çalışsalar da, seyfi aça bilməyiblər. Yalnız pul əldə etmək niyyətində olduqları üçün heç bir inventara toxunmayıblar", - deyə o əlavə edib.
Naməlum şəxslər eyni vaxtda poçt binası yaxınlığındakı Əfqan Kərimova məxsus gündəlik tələbat malları mağazasına da giriblər. Onlar kassada pul tapa bilmədiklərindən mobil telefon, danışıq kartları və siqaret oğurlayıblar.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis şöbəsində araşdırma aparılır.