Şamaxıdakı yağan qarın əriməsi sürüşmə ərazilərində torpaq uçqunlarının baş verməsinə, evlərin və əkin sahələrinin yararsız vəziyyətə düşməsinə səbəb olub.
Unikal.org ARB Şəkiyə istinadən xəbər verir ki, Şamaxıdakı sürüşmə ərazilərində təkrar torpaq uçqunları baş verib.
Rayon ərazisindəki ən təhlükəli sürüşmə ocaqlarının yerləşdiyi Mədrəsə qəsəbəsində baş verən torpaq axını yenidən aktivləşib. Evlərin divarlarındakı çatlar hər gün genişlənir. Artıq kəndə 7 ev qəzalı vəziyyətə düşüb ki, onların ikisində vəziyyət daha acınacaqlıdır. Hər gün yaşanan sürüşmə yaşayış evlərində açıq-aşkar şəkildə hiss olunmaqdadır. Bu səbəbdən sakinlər öz evlərində gecələməyə qorxurlar.
Sürüşmə evlərlə yanaşı, vətəndaşlara məxsus əkin sahələrində də qeydə alınıb. Nəticədə sahələr yararsız vəziyyətə düşüb. Ərazidə əkin işlərinin aparılması mümkünsüzdür.