Şəmkir rayonunun Sərxan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.
Unikal.org ARB Kəpəz-ə istinadən xəbər verir ki, kənd sakini, 20 yaşlı Anar Lətifli həmyerlisi, 24 yaşlı Məhəmməd Məhəmmədlini bıçaqlayıb.
Sonuncu aldığı bıçaq yarasından sonra ətrafdakıların köməyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Dərhal əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, tərəflər arasında mübahisə toya dəvət üstündə düşüb. 3 gün bundan əvvəl toyu olan Məhəmməd Məhəmmədli həmyerlisini öz məclisinə dəvət etməyib. Bundan hiddətlənən Anar Lətifli3 gün sonra bəyi söhbətə çağırıb. Beləcə tərəflər arasında düşən mübahisə qanlı sonluqla nəticələnib. Hələlik cinayəti törədən Anar Lətifli məsuliyyətdən yayınır.
Şəmkir polisi onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.