Xəbər verdiyimiz kimi, Bərdədə qətl hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəcəfərli kəndində olub.
Kənd ərazisində fermada yaşayan, Yevlax rayonu Qoyun Binəsi kənd sakini, 1999-cu il təvəllüdlü Mustafalı Tapdıq Əlifəsiyyət oğlu qonşuluqda yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün, 2003-cü il təvəllüdlü Mirzəməmmədov Həsrət Sabir oğlunu döyərək öldürüb.
Öldürülən H. Mirzəməmmədovun atası İsmət Mirzəməmmədov bildirib ki, oğlu küt alətlə başından vurularaq öldürülüb və su kanalına atılıb.
Məlum olub ki, qətlə yetirilmiş şəxs 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün, 2003-cü il təvəllüdlü H. Mirzəməmmədov Bərdədə çobanlıq edirmiş. Hadisə H. Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib.
Bərdə Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə yerindən qaçan T. Mustafalı polis tərəfindən yaxalanaraq istintaqa cəlb edilib.
T. Mustafalı ilkin ifadəsində yeniyetməni otlaq sahəsinə görə yaranan münaqişə zəminində öldürdüyünü deyib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb.