Xəbər verdiyimiz kimi, ötən gün SOCAR ötən il dekabrın 15-də N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində dünyasını dəyişmiş və itkin düşmüş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 10 neftçi ailəsinə maddi yardım göstərilib. Məlumata görə, itkin düşən neftçi Hacəliyev Həsənağa Hüseynağa oğlunun 2013-cü ildə Sahil qəsəbəsində "Neftçi MTK-dan götürülmüş mənzilə olan 31 840 AZN məbləğində (15.12.2016-cı il tarixə) borcu SOCAR tərəfindən ödəniləcək.
Unikal.org xəbər verir ki, neftçi H.Hacəliyevin oğlu Tamerlan Hacəliyev azvision.az-a açıqlamasında məlumatın doğru olduğunu, kredit borcunun SOCAR tərəfindən ödəniləcəyini deyib.
"Atam güzəştli ipoteka ilə mənzil götürmüşdü. Məbləğin bir hissəsini biz verirdik, qalan hissəsi SOCAR tərəfindən ödənilirdi. Yerdə qalan borcun ödənilməsi ilə bağlı banka sorğu göndərilib. Bizə bildirilib ki, atamın adına olan mənzilin kredit borcu ödəniləcək. Hazırda bu istiqamətdə işlər görülür.
Neftçinin oğlu SOCAR rəhbərliyinin onlara tez-yez baş çəkdiyini, problemləri ilə maraqlandığını söyləyib: "SOCAR rəhbərliyi həftdə bir neçə dəfə ailəmizə baş çəkir, problemlərimizlə maraqlanır. Onlardan narazılığımız yoxdur. Biz iki qardaşıq. Bizi işlə təmin edəcəklərini deyiblər. Bu barədə Rövnəq müəllimə məktub göndərilib. Atamın 40 mərasimindən sonra işə başlayacağıq. Dövlətimizə, SOCAR rəhbərliyinə təşəkkür edirik. Bizi çətin günlərimizdə tək qoymadılar.
Qeyd edək ki, qəza nəticəsində itkin düşənlərin ailələrinə iki dəfə olmaqla 9 ailəyə hər dəfə min manat olmaqla ümumilikdə 2000 manat maddi yardım göstərilib. Vəfat etmiş İlham Qafarovun ailəsinə isə 3 000 manat maddi yardım verilib.
"SOCAR-ın 28.12.2016-cı il tarixli sərəncamına əsasən, hər bir ailəyə 5 000 manat maddi yardım göstərilib. Bundan əlavə ANQSİHİRK tərəfindən hər bir ailəyə 1000 manat, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 manat məbləğində maddi yardım göstərilib.. Bundan başqa, vəfat edənlərdən Abasov Ramiz Qulu oğlunun 2 övladı, Əsədov Samir Atabala oğlunun 3 övladı, Zülfüqarov Güloğlan Hacıbala oğlunun 3 övladı, Zülfüqarov Azay Hacıbala oğlunun 2 övladı, ümumilikdə 10 nəfər uşağın N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülməsi nəzərdə tutulur, yəni onlara hər ay minimum əmək haqqının 2,5 misli - hazırda 262,5 manat veriləcək. İtkin düşənlərdən bəzilərin ailə üzvləri artıq SOCAR tərəfindən işlə təmin olunub.