MTN işi üzrə barəsində cinayət işi açılan və ev dustaqlığı qətimkan tədbiri seçilən general Natavan Mirvətova ilə bağlı maraqlı detal ortaya çıxıb.

Unikal.org xəbər verir ki, lent.az-ın ittiham aktına istinadən məlumatına görə, general Natavan Mirvətova 1948-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

N.Mirvətova 1971-ci ilin iyun ayından Azərbaycan SSR Daxili İşlər Nazirliyinin ştatı hesabına Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində işləmiş, 1980-ci ilin mart ayında isə DTK-yə həqiqi hərbi xidmətə qəbul edilib.

N.Mirvətova 2003-cü ilin yanvar ayında keçmiş MTN-in Əməliyyat-texniki idarəsinin rəis müavini - şöbə rəisi vəzifəsində işləyərkən, işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət intizam cəzası verilib. (Həmin dövrdə milli təhlükəsizlik naziri Namiq Abbasov olub). Həmin ilin avqust ayında intizam tənbehi üzərindən götürülüb.

2009-cu ildə ona general- mayor rütbəsi alan Natavan Mirvətova Azərbaycanın ilk qadın generalıdır.

Qeyd edək ki, Natavan Mirvətovaya Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb.