Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı iqamətgahında qalmaqallı aktrisa, Hollivud ulduzu, islamı qəbul edərək müsəlman olduğu iddia edilən Lindsi Lohanla Suriyanın Hələb şəhərindən olan 7 yaşlı Bana əl Abedi qəbul edib.
Unikal.org AA-ya istinadən xəbər verir ki, qəbulda Türkiyənin dövlət başçısının xanımı Əminə Ərdoğan da iştirak edib.
Görüş əsnasında Lindsi Lohan Ərdoğanla xanımının sinələrinə "World is bigger than five" ("Dünya 5-dən böyükdür") nişanını taxıb.
Bütün dünyanın suriyalı qaçqınlara laqeyd qalmasına rəğmən, Türkiyənin bu insanlara sığınacaq verdiyini vurğulayan Lindsi Lohan BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının sadəcə, 5 ölkədən ibarət olmasının anaxronizmə çevrildiyini vurğulayaraq deyib: "Dünya 5-dən böyükdür və buna tam əminəm. Dünyada heç bir ölkənin edə bilmədiyini Türkiyə etdi. Təhlükəsizlik Şurasının daimi üzvləri olan 5 böyük ölkə vədlər verdi, amma sözlərinə əməl etmədi. Türkiyə barədə yayılan dezinformasiyalar və yalanlar səbəbiylə bu ölkəyə gəlməyə qorxanlar da var. Amma mən burada özümü çox rahat hiss edirəm".
Lindsi Lohan bir qədər öncə İstanbulun Sultanbeyli səmtində yaşayan suriyalı qaçqın ailəsinə də baş çəkmişdi.