Ötən il Azərbaycanda 17 minə yaxın insanı heyvan dişləyib.
Bunu Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib. O qeyd edib ki, 2015-ci ildə də heyvan dişləmələri ilə bağlı rəqəm eyni olub.
"Rəqəmlərdə artma və ya azalma olmayıb. Heyvan dişləmələrinin 90 faizi itlər, 2-3 faizi pişiklər, yerdə qalanı digər vəhşi heyvanlar, siçovullar tərəfindən törədilib, bu isə 8 faiz təşkil edib. İnsanlar həm evdə saxlanılan-məlum heyvanlar, həm də evdə saxlanılmayan naməlim heyvanlar tərəfindən dişlənilib. Məlum heyvan olanda 3 iynə vurulur. Bunlar dişləmənin baş verdiyi 0-cı gün, 3-cü gün və 7-ci günlərdə olur. Naməlim heyvan olduqda isə 5 iynə vurulur, dişləmənin 0-cı, 3-cü, 7-ci, 14-cü və 28-ci günlərində. Eyni zamanda 10 gün ərzində heyvana baytarlıq idarəsi tərəfindən nəzarət olunur. Dişləyən heyvan 10 gün ərzində sağlam qalırsa, bu zaman iynə dayandırılır.
R.İsmayılova bildirib ki, keçən il 3 nəfər heyvan dişləməsi nəticəsində dünyasını dəyişib: "Onlardan biri azyaşlı olub. Uşaq nəzarətsiz qoyulub və heyvan dişlədikdən sonra dərhal müraciət edilməyib, gecikdirilib. Ümumiyyətlə, hər 3 insanın ölüm səbəbləri gec müraciət etmələri olub, əsasən bu xəstələr haqqında məlumat verilmir. Heyvan dişləyir və müracət edilmir və ya o vaxt müraciət edilir ki, artıq gec olur. Sxem pozulur və vurulan iynə belə təsir etmir. Dişləmə günü müraciət edilməlidir ki, vaxtında tez müdaxilə edilsin.
Şöbə müdiri qeyd edib ki, heyvan dişləmələri bütün regionlarda müşahidə edilsə də, ən çox müraciət Bakı, Sumqayıt, Tovuz və Şəmkirdə qeydə alınıb. (azvision)