Ukraynanın Donetsk vilayətində vəziyyət yenidən gərginləşib. Yanvarın 29-dan başlayaraq Avdeyevka ətrafında Ukrayna ordusu ilə separatçı güclər arasında döyüşlər gedir.

Unikal.org azvision.az-a istinadən xəbər verir ki, ordu Avdeyevka yüksəkliyi ələ keçirib.

Hərbi ekspert Oleg Zhdanov dialog.ua saytına bildirib ki, yüksəklik stratejik əhəmiyyətə malikdir. Bu yüksəklik vasitəsilə bir çox əraziyə nəzarət etmək mümkündür.

Onun sözlərinə görə, separatçılar yüksəkliyi geri almağa cəhd göstərib. Nəticədə Ukrayna ordusu və qarşı tərəf itki verib.


Qeyd edilib ki, yanvarın 29-dan Avdeyevka şəhəri yaxınlığında Ukrayna ordusunun mövqeləri atəşə tutulub. Hər iki tərəf yüzlərlə snaryad və qradlardan istifadə edib. Yaralıların və ölənlərin olduğu bildirilir.

Ukrayna KİV-lərində ölənlərin sayı ilə bağlı təzadlı məlumatlar yer alıb. Bəzi xəbərlərdə 30 ukraynalı hərbçinin öldüyü bildirilir. Qarşı tərəfin də xeyli itki verdiyi deyilir. Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.

Bölgədə vəziyyətin gərginləşdiyini görən Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin təcili toplantısını çağırıb. Toplantının keçirilməsi Donetks vilayətinin Avdeyevka qəsəbəsi ətrafında vəziyyətin kəskinləşməsi ilə bağlıdır.


Bu dəqiqələrdə yayılan məlumata görə, Avdeyevkada davam edən şiddətli döyüşlərlə əlaqədar 3000 sakin ərazidən təxliyyə olunacaq. Qanlı döyüşlərdən sonra onlarla ev yararsız vəziyyətə düşüb.