Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda ər-arvad arasında, eyni zamanda ailə üzvləri tərəfindən bir-birinə qarşı fiziki zorakılığın törədilməsinin ağırlaşdırıcı hal kimi qəbul edilməsini təklif edir.

Unikal.org xəbər verir ki, Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, Azərbaycanda fiziki zorakılığa görə cinayət məsuliyyəti müəyyənləşdirilməli, ər-arvad və digər ailə üzvləri arasında arasında fiziki zorakılığın törədilməsi ağırlaşdırıcı hal kimi qəbul edilməlidir.

Onun sözlərinə görə, Cinayət Məcəlləsində psixoloji, mənəvi və iqtisadi xarakterli zorakılığa görə məsuliyyətlər olsa da, ailə münaqişələri zamanı fiziki zorakılığa görə məsuliyyətə cəlb edilmə ilə bağlı xüsusi maddə yoxdur.

E.Səfərov əlavə edib ki, fiziki zorakılıqla bağlı ümumi normalar tətbiq edilir və fiziki zorakılıqla bağlı məsələlər ümimi normalar əsasında tənzimlənir. Ona görə də Cinayət Məcəlləsinə fiziki zorakılıqla bağlı müddəanın da əlavə edilməsinə və fiziki zorakılığın törədilməsinin ağırlaşdırıcı hal kimi qəbul edilməsinə ehtiyac var: "Məsələn, döymə faktı İnzibati Xətalar Məcəlləsinə daxil edilib. Ancaq döymə fiziki zorakılıq növü kimi ailə üzvləri tərəfindən bir-birinə qarşı edilirsə, onu edənə qarşı ağırlaşdırıcı hal tətbiq edilməlidir. Əgər uşaq ata tərəfindən döyülürsə, o, həmin ata ilə birgə necə yaşaya bilər?! Belə uşaq üçün həm zədələnir, həm də psixoloji gərginlik keçirir. Ağırlaşdırıcı hal isə ona görə olmalıdır ki, gələcəkdə ailədə belə hallar təkrarlanmasın.

E.Səfərov qeyd edib ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına görə, 2015-ci ildə ölkə üzrə ailə münaqişəsi zəminində 931 cinayət faktı qeydə alınıb. Onlardan 867-si qadınlara qarşı törədilib. Ailə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 754 qadın, 3 nəfər yetkinlik yaşına çatmayan uşaq xəsarət alıb, 32 qadın, 1 yetkinlik yaşına çatmayan uşaq ölüb. 2016-cı ilin 1-ci yarısında isə məişət zorakılığı, ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı 403 fakt qeydə alınıb. Həmin dövrdə ailə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində ölən qadınların sayı 2, xəsarət alan qadınların sayı 396 olub. Ümumilikdə isə qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı 2015-ci ildə 2248, 2016-cı ilin I yarısında 1178 olub.