"Surroqat ana axtarıram. Evli, təmiz, cavan qadın olsun, qalanını görüşəndə danışarıq. Ciddi olmayanlar zəng vurmasın". Saytlardan birində yerləşdirilən bu elan diqqətimi çəkdi. Elanın sonundakı telefon nömrəsinə zəng çatacağını güman etməsəm də, zəng vurdum. Telefonu şərti olaraq Naibə adlandırdığımız xanım götürdü. Ona mənim də belə bir qadın axtardığımı deyib kömək etməsini xahiş etdim.
"Mən əvvəl daşıyıcı ana axtarırdım, amma daha bu fikrimdən daşınmışam. Bizdə bir qədər mentalitet fərqlidir, insanlar başqa cür başa düşürlər. Xaricdən mənə yazanlar, daşıyıcı ana olmaq istəyənlər çox oldu. Bir bolqar türkü ilə yazışdım, amma qiymətlər, orada gedib qalmaq və sair çox baha başa gəldiyinə görə bu istəyimdən vaz keçdim. Siz də bundansa, bir yetim uşaq götürüb saxlayın. Amma bunu etməyi çox istəyirsinizə, çalışın evli qadın olmasın, tək olsun. O, uşaq doğulana qədər cəmiyyətdən təcrid olunsun və uşağı sizə versin. Qiymət isə tapdığınız qadından asılıdır, 9 ay müddətində ən azı bir evin pulunu xərcləyəcəksiniz. Qeydiyyata alınmaya görə narahat olmayın, uşaq doğulan kimi öz adınıza keçirəcəksiniz, bitəcək".
Doğma, yoxsa ögey "doğma"?
Statistikaya görə, bütün dünyada qurulan ailələrin 20 faizi övlad sahibi ola bilmir. Onların əksəriyyəti çıxış yolunu övladlığa uşaq götürməkdə və ya süni mayalanmada görür. Əgər bunlar mümkün deyilsə, genetik cəhətdən öz övladına sahib olmaq üçün yeganə yol "surroqat" - daşıyıcı ana vasitəsilə valideyn olmaqdır.
İndiyə qədər birinin ögey olmadığını sübut etmək üçün "doğma" ifadəsi işlədilirdisə, artıq bir anadan doğulmaq heç də "doğma"lıq anlamına gəlməyəcək. Daşıyıcı analıq bir qədər kobud desək, öz bədənini başqasına kirayə verməkdir. Hazırda bizdə bununla bağlı qanun olmasa da, xaricdə "surroqat ana" vasitəsilə övlad sahibi olub ölkəyə geri qayıdanlar var.
Həkim-ginekoloq Təranə Həsənovanın sözlərinə görə, səhhət problemləri səbəbi ilə hamilə qalması qadağan olunan və ya uşaqlığın götürülməsi əməliyyatı keçirilmiş (histetoktomiya), lakin hələ də yumurtalıqları mövcud olan qadınlar "surroqat ana"ya müraciət edirlər. Qadının yumurtalığından götürülən embrion mayalandırılır və digər qadının uşaqlığına yerləşdirilir, bir ananın övladı başqasının bətnində böyüdülür, həmin ananın qanı ilə qidalanır:
"Surroqat ana" olmaq üçün qadının sağlamlığı diqqətli şəkildə yoxlanmalıdır. Həm hormonal, həm qan qrupları yoxlanılır, genetik xəstəliyinin olmamasına fikir verilir. Əlbəttə ki, daşıyıcı ana olmaq istəyən qadının psixoloji vəziyyəti də buna yol verməlidir. Daşıyıcı olmaq üçün yaş məsələsi də çox önəmlidir, təxminən 20-40 yaş arası qadınlar daşıyıcı ana ola bilirlər".
"Ana inkubator deyil"
Lakin Azərbaycan qanunvericiliyi "surroqat ana"lığa icazə vermir. Bir neçə il öncə "Reproduktiv sağlamlıq haqqında" Qanun müzakirə olunan zaman süni mayalanma və "surroqat ana" ilə bağlı bəndlər Qafqaz Müsəlmanları İdarəsinin ciddi etirazı ilə qarşılandığından qəbul olunmadı. "Rerpoduktiv sağlamlıq haqqında" Qanunun yaxın zamanlarda müzakirə olunacağını və məsələnin aktuallığını nəzərə alıb Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyevlə əlaqə saxladıq.
Unikal.org xəbər verir ki, layihənin hazır olduğunu deyən millət vəkilinin virtualaz.org-a bildirdiyinə görə, aprel ayında müzakirəyə çıxarılacağı gözlənilən qanun layihəsindən bu məsələ çıxarılıb və hazırda gündəmdə deyil.
Bir çox ailələrin məhz daşıyıcı anaya ümidlərini bağlamasına gəlincə isə, millət vəkili hesab edir ki, bu Azərbaycanda ailələrin çox az hissəsini təşkil edir.
"Azərbaycanda "surroqat ana"ya ehtiyacı olanların sayı bəlkə də, 30 nəfər olar ya olmaz. Bu da 10 milyonluq əhalisi olan bir ölkə üçün kiçik rəqəmdir. "Surroqat ana" ilə bağlı xeyli mənəvi və iqtisadi problemlər var. Dünyanın bir çox ölkələri, hətta katoliklər "surroqat ana" ilə bağlı qanuna qadağa qoyublar. Müsəlman ölkələrinin bir çoxunda icazə verilmir, provaslav xristianlıq üstünlük təşkil edən bir çox ölkələrdə isə icazə də yoxdur, qadağa da yoxdur. Bundan başqa, axı ana inkubator deyil. Bu, ananın da hüquqlarının pozulması deməkdir. Kimin pulu varsa, anadan bu şəkildə istifadə edə bilməz".
M.Quliyevin sözlərinə görə, "surroqat ana"lıqla bağlı məsələnin bir tərəfi də ondan ibarətdir ki, həmin uşağın kimin övladı olması məsələsi həmişə problem olaraq qalır. Bəzən ananın doğulan uşaqdan imtina eləmədiyini, bəzən də uşağın sonradan "surroqat ana"sını axtardığını deyən deputatın sözlərinə görə, bu səbəbdən problem hazırda Azərbaycan reallığı üçün uyğun deyil.
Millət vəkilinin sözlərinə görə, bizim Mülki Məcəlləmiz onu qadağan eləmir. Yəni, dünyanın hər hansı ölkəsində "surroqat ana" vasitəsilə övlad dünyaya gətirib məhkəmə yolu ilə o uşağın özününkü olduğunu sübut edə bilərlər.
Bakı Hüquq Mərkəzinin hüquqşünası İsrafil Əlilinin sözlərinə görə, xaricdə "surroqat ana" vasitəsilə övlad sahibi olub onu Azərbaycanda öz övladı kimi təsdiqlətməklə bağlı bizim qanunvericilikdə heç bir müddəa yoxdur.
Dünyanın bir sıra ölkələrində daşıyıcı analıqla bağlı qanun qəbul olunub. "Surroqat ana"dan istifadə etmək istəyən ailələr onunla notariusda təsdiq olunmuş qaydada müqavilə bağlayırlar və hər kəs öz üzərinə vəzifə götürür. Müqaviləyə əsasən, uşaq doğulana qədər "surroqat ana" maddi cəhətdən təmin edilir və hesabına pul köçürülür. "Surroqat ana"nın vəzifələri isə ondan ibarətdir ki, vaxtı-vaxtında müayinədən keçsin, normal qidalansın və sonradan uşağın həyatında heç bir iddiası olmasın.
Din nə deyir?
Bəzi din xadimləri İslamın qadına bətnində qanuni nikahda olmadığı kişinin nütfəsinin yerləşdirilməsinə icazə vermədiyini bildirsələr də, əksini düşünənlər də var. İlahiyyatçı İsmayıl Əhmədovun virtualaz.org-a bildirdiyinə görə, İslam ümumbəşəri din olaraq bütün millət və din nümayəndələrinin həyati məsələlərinə cavab verə biləcək bir dindir. Onun hökmlərini təhlil edən şəxslər tək ruhanilər deyil, düşünən hər bir sağlam beyindir. Bu səbəbdən də "Quran"da dəfələrlər düşünüb-daşınmaya xüsusi yer verilir. Qeyd olunan məsələyə gəlincə, onun müasir həyatla əlaqəli olduğunu nəzərə alaraq, cavabını 15 əsr əvvəldə, yəni peyğəmbərin və ondan sonrakı səhabələrin zamanında və onların verdikləri bəyanatlarda axtarmamalıyıq:
"Bunun üçün ilk növbədə tibbə müraciət olunmalıdır. Yəni insan sağlamlığına nə qədər faydalı və ya zərərli olduğu müəyyən edilməlidir. Əgər heç bir fiziki zərəri yoxdursa, mənəvi tərəflərinə diqqət yetirilməlidir. Və İslamın bu barədə tutduğu mövqe bundan ibarətdir: əgər bir qadının "surroqat ana" olma imkanı varsa və bu hər hansı bir fərdi və ictimai fəsada yol açmırsa, həyata keçirməyin heç bir maneəsi yoxdur. Yəni əgər bütün proseslər qanun çərçivəsində həyata keçərsə, hər hansı bir nöqsan yoxdur".
Tərəfdarları uşağı olmayan ailələr üçün bunun ən yaxşı üsul olduğunu desələr də, "surroqat ana" əleyhdarları hesab edirlər ki, bu qanunun qəbulu uşaqların ticarət obyektinə çevrilməsinə, qadınların istismarına, nikahın və ailənin müqəddəsliyini pozan əxlaqsız tendensiyaların yaranmasına gətirib çıxaracaq.
Digər tərəfdən isə, hamiləlik keçirən ananın psixoloji vəziyyəti ilə bağlı problemlər yarana bilir ki, uşaq dünyaya gətirən qadın bəzi hallarda onu genetik valideyninə vermək istəmir.
Elton Con, Alla Puqaçova, Maykl Cekson…
Statistikaya görə, hazırda dünyada 1500-dən çox daşıyıcı ana vasitəsilə doğulan uşaq var. "Surroqat ana"lığın pionerləri Böyük Britaniyada Patrik Steptou və Robert Edvards olub. 1989-cu ildə genetik valideynlərin embrionları sonsuz qadının bacısına yerləşdirilib. MDB ölkələrində "surroqat ana" vasitəsilə övlad sahibi olmaq ənənəsi 1995-ci ildən yaranıb.
Amma bütün deyilən və yazılanlara baxmayaraq, dünyada bir çox məşhur cütlüklər arasında daşıyıcı ana vasitəsilə valideyn olanlar az deyil.
Hazırda "surroqat ana"ya müraciət edən məşhurlar arasında Sara Cessika Parker, Nikol Kidman, Elton Con, Maykl Cekson, Kriştiano Ronaldo, Riki Martin, Alla Puqaçova və digərləri də var.
O da məlumdur ki, daşıyıcı ana vasitəsilə uşaq sahibi olmaq təkcə sonsuzluqla bağlı deyil. Homoseksuallar arasında da bu üsula müraciət edənlər çoxdur.
Avstriya, Fransa, Almaniya, Norveç və İsveçdə, o cümlədən, ABŞ-ın bəzi ştatlarında (Arizona, Miçiqan, Nyu-Cersi və s.) surroqat ana proqramının tətbiqi qanunla qadağan edilib. Kanada, İsrail və Hollandiyada daşıyıcı ana ilə bağlı hər hansı reklam, xidmətlərin təklifi qadağandır. Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna və bir sıra ölkələrdə həm tibbi, həm də kommersiya məqsədilə istifadəsinə icazə verilib. Dünyanın surroqat analar məskəni isə Hindistan sayılır. Bu ölkədə ana bətni kirayə verənlər ildə ümumilikdə 445 milyon dollar qazanırlar. Hindistanda 2002-ci ildən qanuniləşən bu iş bürokratik baxımdan çox asandır. Üstəlik, ABŞ-da daşıyıcı ana vasitəsilə uşaq sahibi olmaq istəyən cütlük bunun üçün 100 min dollar ödəyirsə, Anand şəhərində bunun üçün cəmi 10 min dollar lazımdır. Bunun 7-8 min dolları anaya, qalanı isə tibbi prosedurlara sərf olunur.