Azərbaycanda dəqiq vaxt məlumatlarının daha geniş auditoriyaya çatdırılması üçün teleqüllə üzərindən vaxt siqnallarının ötürülməsi imkanları nəzərdən keçirilir.

"Unikal" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) labaratoriya müdiri Şamxal Abbasov deyib.

Onun sözlərinə görə, hazırda vətəndaşların istifadə etdiyi mobil telefonlar internet vasitəsilə beynəlxalq vaxt serverləri ilə sinxronlaşaraq öz saatlarını avtomatik tənzimləyir: "Lakin gələcəkdə dəqiq vaxt siqnallarının teleqüllə üzərindən yayımlanması da nəzərdə tutulur. Bu texnologiya tətbiq ediləcəyi təqdirdə televiziya və radio avadanlıqları, elektron saatlar, eləcə də digər qurğular dəqiq vaxt məlumatlarını birbaşa qəbul edə biləcək".

Ş. Abbasov bildirib ki, vaxt etalonlarının inkişafı və ötürülməsi sistemlərinin təkmilləşdirilməsi ölkədə ölçmə infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: "Bu istiqamətdə yeni texniki imkanların yaradılması və mövcud sistemlərin modernləşdirilməsi üzrə işlər davam etdirilir".