Bu gün əhalinin sosial problemlərinin həlli, aztəminatlı ailələrin durumunun yaxşılaşdırılması , qaçqınların cəmiyyətə reabilitasiyası yalnız texniki və təşkilati işlə bağlı deyil.

Bu problemlərin həlli ilk növbə hansısa nəzəri əsaslara söykənməli, ən azından ciddi araşdırmalar aparılandan sonra hansısa addımlar atılmalıdır. Məsələn, bir neçə il öncə aparılan araşdırmalar göstərdi ki, ölkənin aztəminatlı ailələri, onların hansısa iş qurması, səmərəli fəaliyyətlə məşğul olmaları mümkünsüzdür və bunun üçün zaman lazımdır. Buna görə qərara alındı ki, ünvanlı sosial yardım praktikasından istifadə olunsun. Əslində həmin zaman buna çox ciddi ehtiyac var idi və dünyada iqtisadi tufanların baş verdiyi bir məqamda Azərbaycan höküməti vətəndaşlarına bu şəkildə dəstək oldu. Bunun başlıca səbəbi o idi ki, aztəminatlı ailələr ilk növbədə gündəlik yaşam problemlərini həll etsinlər və bundan sonra növbəti mərhələyə hazırlıq görülsün. Yəni gündəlik yaşam imkanları məhdud olan ailələrdən başqa nəsə gözləmək mümkün deyildi və aparılan təhlillər bunu sübut edirdi. Amma növbəti mərhələ gəldi və prezident açıq şəkildə bəyan etdi ki, artıq insanlar özləri qazanmalı və ətarafa da hansısa formada dəstək olmalıdırlar. Bunun üçün isə sözsüz ki, dövlətin xüsusi qayğısı olacaq. Bu məsələ də kor-koranə şəkildə gündəmə gəlməmişdi və aparılan təhlillər sübut edirdi ki, aztəminatlı ailələrə dövlət qayğısı olarsa onlar ən azından kiçik sahibkarlıqla, fermer təsərrüfatı yaratmaqla starteji məqsədə çata bilərlər. Artıq bir neçə aydır ki, bölgələrdə əhaliyə mal-qara, həmçinin müəyyən güzəştlərlə kreditlər verilir. Bu isə kəndlinin ayağa qalxması üçün stimuldur. Amma bu məsələyə toxunmamışdan öncə gəlin aparılan bir araşdırmaya da diqqət yetirək. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Məlumat mübadiləsi saatı üzrə növbəti tədbir olaraq, Çexiyanın Karlov Universitetinin professoru və beynəlxalq ekspert Tomaş Kuçeranın ölkəmizlə bağlı hazırladığı əhali proqnozlarına dair yekun təqdimatı olub. Tədbirdə aidiyyəti dövlət qurumlarının, Azərbaycan Milli Elmlər Akademiyasının, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının, BMT-nin Əhali Fondunun, nazirliyin struktur bölmələrinin nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafına yönələn siyasətinin nailiyyətlərindən biri kimi, respublikada müsbət demoqrafik meyllərin davam etdiyini vurğulayıb: "Ölkə əhalisinin sayı 2003-cü illə müqayisədə 17,5 faiz artaraq 2016-cı ilin 01 dekabr tarixinə 9 802 min nəfərə çatıb. Doğulanların sayı əhalinin hər min nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 2015-ci ildə 17,4 nəfərə qədər artıb. Ölkədə doğulanların sayı 2003-cü ildə 113 467 nəfər olduğu halda, 2015-ci ildə bundan 46,5 faiz çox, yəni 166 210 nəfər olub. Bu müsbət dinamika digər tərəfdən ölüm səviyyəsinin azalması ilə müşahidə edilib. Məsələn, 2015-ci ildə ölkədə ölənlərin sayı əhalinin hər on min nəfərinə hesabı ilə 2003-cü ildəki 60 nəfərdən 57 nəfərə qədər azalıb. Yəni il ərzində respublikada doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir. S.Müslümov ölkəmizdə ölüm səviyyəsinin azalmasının doğulanda gözlənilən ömür uzunluğu göstəricisinin artması ilə müşahidə edildiyini bildirib: "Bu göstərici 2003-də 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) olub, 2015-ci ilin yekunlarına görə isə doğulanda gözlənilən ömür uzunluğu 75,2 yaşa (o cümlədən kişilər üçün 72,7 yaşa, qadınlar üçün isə 77,6 yaşa) yüksəlib. Miqrasiya saldosunda da müsbət dinamika davam edir. 2015-ci ildə bu göstərici +1,1 min nəfər olub. Ümumilikdə, digər demoqrafik göstəricilərdə də mütəmadi yaxşılaşma özünü göstərib.
Nazir "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası əsas götürülməklə "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramının (2017-2030-cu illər) layihəsinin hazırlandığını diqqətə çatdırıb: "Layihədə ölkənin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün hərtərəfli şəraitin yaradılmasına yönələn tədbirlər əhatə olunub. Bu Proqram qəbul olunduqdan sonra onun icrası çərçivəsində mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması nəzərdə tutulur.

S.Müslümov bildirib ki, ölkəmizin davamlı sosial-iqtisadi inkişafı ilə bağlı gələcəkdə görüləcək tədbirlərin planlaşdırılmasında demoqrafik inkişafın perspektivləri, o cümlədən əhali proqnozları ilə bağlı məlumatların əldə olunması xüsusi önəm kəsb edir: "Bu amil nəzərə alınaraq, demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması məqsədilə ötən dövr ərzində BMT-nin Əhali Fondu ilə birgə respublikamızın və ilk dəfə olaraq ölkənin iqtisadi rayonlarının əhali proqnozlarının və proyeksiyaların hazırlanması üzrə işlərə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çexiyanın Karlov Universitetinin professoru və beynəlxalq ekspert, qeyd edilən Dövlət Proqramının layihəsinin hazırlanması işlərində yaxından iştirak edən Tomaş Kuçeranın, BMT-nin Əhali Fondunun, aidiyyəti qurumların və nazirliyin struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə ölkənin mövcud demoqrafik vəziyyəti və əsas perspektiv meyllər müzakirə olunub.
Nazir qeyd edib ki, keçən ilin sentyabr ayında işçi görüş çərçivəsində ölkənin ümumi gələcək inkişaf istiqamətləri nəzərə alınmaqla demoqrafik proyeksiyaların ssenariləri nəzərdən keçirilib: "Hazırkı bu tədbirdə isə respublikanın və iqtisadi rayonların əhali proqnozlarına dair hazırlanmış yekun təqdimatla tanış olacağıq. Hesab edirəm ki, bu təqdimat ölkəmizdə demoqrafiya sahəsində dolğun və mükəmməl proqnozlar sisteminin formalaşdırılmasında önəmli rol oynayacaq.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev demoqrafiya sahəsində dolğun proqnozlar sisteminin yaradılmasının hər bir ölkənin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu vurğulayıb, bu sahədə ölkəmizdə BMT-nin Əhali Fondu ilə əməkdaşlıq müstəvisində aparılan işlərin əhəmiyyətini qeyd edib.Tədbir T.Kuçera tərəfindən respublikanın və iqtisadi rayonların əhali proqnozlarına dair hazırladığı yekun təqdimatla davam edib. Ölkənin gələcək inkişafına və əhalinin perspektiv meyllərinə dair geniş müzakirələr şəraitində keçən tədbirdə mütəxəssislər tərəfindən əhali proqnozlarının hazırlanması məsələləri ilə bağlı təkliflər də səsləndirilib.
Gördüyünüz kimi hazırda ölkəmiz üzrə əhali proqnozlarına dair yekun təqdimat olub və bununla da real addımlar atmaq mümkündür. Yəni hazırlanan bu layihə əsas verəcək ki, əhalinin kateqoriyalara bölünməsində yanlışlığa yol verməyək və əhalinin neçə faizinin işlək durumda olduğunu və buna uyğun olaraq nə qədər özünüməşğulluq layihəsinə qatılacaq insanımızın olduğunu ortaya çıxara bilək. Bu isə o deməkdir ki, hazırda Azərbaycanda işçi qüvvəsindən səmərəli istifadə ilə, sosial problemlərin həlli arasında bir bərabərlik qoyulub və bu baş tutarsa işsizlik ədədi silsilə üzrə azalacaq. Ekspertlər də hesab edir ki, bu gün bölgələrdə kəndlilərin, sosial yardıma ehtiyacı olanların əksəriyyətinin pay torpaqları var və bunlar əməklərini birləşdirərlərsə daha effektli nəticə əldə edə bilərlər. Yəni üç ailənin birlikdə fermer təsərrüfatı yaratması o deməkdir ki, heç nə etmədən üç ailə 10-15 hektar torpaq sahəsinə, dövlət tərəfindən ayrılan mal-qaraya görə 5-6 baş mal-qaraya sahib olurlar. Bununla yanaşı dövlətin birdəfəlik ayıracağı yardım, güzəştli kreditlər imkan yaradacaq ki, üç ailə təsərrüfata sahib olsunlar, bununla yanaşı daha bir neçə ailənin üzvlərinin bu təsərrüfatda çalışmalarına imkan yaratsınlar. Bu isə sözsüz ki, bölgələrin təbii şəkildə inkişafı deməkdir. Bütün bunlar Azərbaycanın beyin mərkəzlərinin apardığı araşdırmaların məntiqli nəticəsidir və elmi əsaslara söykənən bu layihələr sözsüz ki, Azərbaycana uğur gətirəcək.
E.Əliyev