Müğənni Günay İbrahimlinin Ölkə.az-a müsahibəsini təqdim edirik.
- Bəzi həmkarlarınızın sizi qınamasının və son zamanlar ünvanınıza kəskin sözlər işlətməsinin səbəbi nədir?
- Əslində mən maqazin verilişlərinə müsahibə verəndə dediyim sözlərin arxasında sona qədər dayanıram. Düşünürəm ki, bir insan müsahibə və açıqlama verdiyi zaman və qarşı tərəf də buna cavab verdikdə, həmin qarşı tərəfin verdiyi müsahibəni diqqətlə oxumalıdır ki, bu məntiqlə nə anlama gəlir. Bu yaxınlarda mənə çox söz atdılar, amma Allaha and olsun o verilən cavablardan heç nə başa düşmədim. Məntiqi və savadlı olaraq heç nə başa düşə bilmədim. İlk öncə mən maqazin verilişinə müsahibə vermişəm ki, xanım yaşıdlarım içində hal-hazırda işləyən müğənniyəm. Mənimlə eyni vaxtda müğənniliyə başlayanlar içində ən çalışqanıyam. Nədənsə o cümləyə diqqətlə qulaq verməyiblər. Ən azından diqqətli qulaq asmalı idilər. Onlar bir vaxtlar olsalar da, indi yoxdurlar. Təbii ki, mən də istəyərəm ki, mənimlə birlikdə rəqabət yaradacaq yaşıdlarım, eyni "pakaleniyadan olduğum müğənnilər olsun. Elə daha maraqlı olardı.
- Röyanı bir nömrə hesab edirsiniz. Bəs Günay İbrahimli nə zaman bir nömrə olacaq?
- Aygün Kazımova və Röya Ayxan artıq uzun illərdir ki, sənətdədirlər və onlar öz yerlərini tutublar. Röya məndən əvvəl bu sahəyə gələn ifaçıdır, özünə görə ad qazanıb. Mənim nə Röya, nə də başqa bir müğənni ilə heç bir problemim yoxdur. Aramızdakı münasibətimiz çox gözəldir. Sualınızın cavabına gəldikdə isə, o haqda bir şey deyə bilmərəm. Onu zaman göstərər. Mən indi öz dilimlə deyirəm ki, Günay İbrahimli artıq öz adını təsdiqləyib. Belə bir ad var və belə bir adı artıq Azərbaycanda tanıyırlar. Hansısa bir pillədə Günay İbrahimlinin artıq yeri var. Amma mənim bir nömrə olmağım söhbəti artıq illərdir ki, dava-dalaşla davam edir. Onu zaman göstərəcək. Məni sevən də, sevməyən də var. Hətta deyərdim ki, düşmənlərimin sayı məni istəyənlərin sayından daha çoxdur.
- Sizi sevməyənlərlə, yəni düşmənlərinizlə necə mübarizə aparırsınız?
- Onlar özləri özləriylə mübarizə aparsınlar. Mənim onlarla heç bir problemim yoxdur. Özləri sual verirlər, sonra özləri də mənim əvəzimdən cavab verirlər.
- Müğənnilərin adətən başqa biznesləri də olur. Sizi biznes-ledi olaraq görə biləcəyikmi?
- İnşallah! Bu mənim böyük arzularımdandır. Çox istəyərdim ki, mən həqiqətən bizneslə məşğul olum. Artıq beynimdə bir-iki biznes planı var. Lakin siz də bilirsiniz ki, bizneslə məşğul olmaq üçün böyük sərmayə lazımdır.
- Belə çıxır ki, bədxərcsiniz, pul yığa bilmirsiniz?
- Yox, bədxərc deyiləm. Bədxərc olsaydım bu günə kimi 15 klipim, onlarla mahnılarım olmazdı. Bunlardan heç birini mənə hədiyyə etməyiblər. Hamısını öz əməyimlə həyata keçirmişəm. Bəstəkarından tutmuş yazıçısına qədər hamısının pulunu ödəmişəm. İş orasındadır ki, bu günə qədər biznesimin olmamağının səbəbi odur ki, mən toydan, tədbirdən, çəkilişdən qazandığım pulun demək olar ki, səksən faizini işə, sənətimə yatırmışam. Bu, həmişə belə olub.
- Aylıq gəliriniz nə qədərdir?
- Bir ildə 12 ay var və bu ayların hamısında pul qazanmıram. Bizim yaxşı pul qazandığımız vaxtlar da olur, qazanmadığımız vaxtlar da... Məsələn, camaat deyir ki, müğənnilər imkanlıdır. Müğənnilərin hamısı bu yerlərə gəlmək üçün əziyyət çəkir. Əgər ev, bahalı avtomobil alıblarsa, bu çox normaldır. Milyonçu müğənni var? Sözümün canı odur ki, ilin 6 ayı işləyirik, 6 ayı yox...
- Belə çıxır ki, 6 ayda yığdığınızı digər 6 ayda yeyirsiniz?
- Mənim elə vaxtım olub ki, bir ayda 1 manat belə gəlirim olmayıb. Növbəti ayda isə o qədər pulum olub ki, say-say bitməyəcək qədər... Ay ərzində ən çox qazandığım məbləğ 45 min manat olub. Gəlirimin müəyyən hissəsini tanıtıma xərcləyirəm.
- Sizi ən çox nə bezdirir, nə narahat edir?
- Məni əsəbləşdirən ən çox ədalətsizlikdir. Çox danışmağı əslində sevmirəm və həyatı axışına buraxıram. Hər insan kimi mənim də həm yaxşı günlərim, həm də pis günlərim olub. Sadəcə bu yaxınlarda dostlarımdan zərbələr gördüm. Mənə çox pis təsir elədi. Bu zərbələr ədalətsizliyə gedib çıxır. Haqlı olduğumu bilə-bilə haqsızlığa uğradım. Həqiqətən çox məyus oldum. Son 2-3 ildir sadəcə özüm-özümlə söhbət edirəm. Özümə deyirəm ki, ətrafında ancaq yaxşı insanları saxlamalı, pisləri uzaqlaşdırmalısan. Onlar sənə layiq deyil.
- Bir çox müğənnilərimiz Türkiyə şou-biznesində olmağa can atırlar. Bu nədən irəli gəlir?
- Ümumiyyətlə, ilk öncə bizim müğənnilərin Türkiyə şou-biznesinə gedib qatılmağı mənə çatmır. Çünki onların arasında yetərincə istedadlı, gözəl səsə malik olan müğənnilər var. Düşünürəm ki, orada bir nömrə olmaq çox çətindir. Oraya gedib necəsə pul yatıra, kliplər çəkə, orada qalıb onların şou-biznesinə qatıla, hətta kimləsə duet oxuya bilərsən, amma onların müğənniləri ilə rəqabətdə orada bir nömrə olmaq çətin məsələdir. Hətta deyərdim ki, qeyri-mümkündür. Mən həyatım boyu elə bir şey etmərəm. Deyirəm və sözümün altına da imzamı çəkirəm. Onu etməkdənsə, burada qalıb o vəsaitlə biznes quraram. Düzdür, Türkiyəyə gedib klip çəkdirərəm, amma Azərbaycan şou-biznesi üçün gətirib Bakıda təqdim edərəm.
- Günayın həyatında gözlə qaş arasında nə baş verib?
- Qəzaya düşmüşəm. Bu yaxınlarda da buzlu olan pilləkanlardan yıxılmışam. Çox böyük qəza olmayıb. Sadəcə park edəndə maşın sürən təcrübəsiz bir qız əyləc əvəzinə çaşaraq qazı basıb və üzərimə sürüb. 5 gün maşın sürən qızın parkinqdə nə işi var, başa düşə bilmirəm...
- Avtomobil idarə edərkən qaydaları pozduğunuza görə cərimə olmuşdunuz və bu ictimailəşmişdi. Yol polisləri ilə aranız necədir?
- Yol qaydalarını pozmuram. Yol polislərinə böyük hörmətim var. Onların da mənə böyük hörməti var. Həyatım boyu mən heç bir yol polisi əməkdaşına rüşvət verməmişəm, onların da belə bir tələbi olmayıb. Həmişə hörmətlə yanaşıblar. Günahım olanda da cərimə yazıblar, gedib ödəmişəm. Amma indi çalışıram ki, heç bir qayda pozmayım.
- Deyilənə görə, qadınlar onları qısqanan kişiləri daha çox sevirlər...
- Qadınların ilk sevdikləri şey diqqətdir. Diqqət nə deməkdir, kişi qısqanmalıdır, reaksiya verməlidir. Qadın kişidən reaksiya görmürsə, onda həqiqətən böyük bir problem var. Bu, o deməkdir ki, qadınlar qısqanclığı sevirlər. Kişilərin onları qısqanmasını istəyirlər
- İnsan dünyadan köçərkən özü ilə heç nə aparmır. Belə bir fürsətiniz olsaydı, nə aparmaq istəyərdiniz?
- Çox qəliz və çox gözəl sualdır. Əslində insan öləndə niyə kimisə özüylə aparıb ölməsini istəsin ki? Əksinə ona doğma olan insanların yaşamasını istəyər. Özümlə insan aparmaram, dəyərli bir əşyasını apararam. Əgər bir sirrim varsa, istəyərəm ki, özümlə məzara getsin. Məktub varsa, yazı varsa, dəyərli bir şey varsa apararam. Özümlə doğma birini apara bilmərəm.
- Gözəl, baxımlı və şarmlı xanımsınız. Bunun üçün çox pul xərcləyirsiniz?
- Əslində qadının gözəl olmağı üçün ilk öncə plastik əməliyyata ehtiyacı yoxdur. Mənəvi olaraq hər bir qadının sevgiyə ehtiyacı var. Hansısa bir qadın gözəlləşirsə, demək ki, o sevir gözəlləşir. Plastik əməliyyata gələndə isə sadəcə burnumu əməliyyat etdirmişəm. Burnumdan sonra həqiqətən də çox dəyişilmişəm. Üzümdə elə bir problem görmürəm ki, əməliyyata girim. Deyirlər ki, təbii gözəllik makiyajsızdır, amma biz camaat içinə çıxırıqsa, gözəl görünməliyik. Hər yerin öz makiyajı, hər yerin öz geyimi var. Ona görə də çalışıram ki, hər zaman səliqəli görünüm
- Barterlə işləyirsiniz?
- Mənə "İnstagramdan çoxlu mesajlar gəlirdi, amma mən oxumurdum. Bir gün vaxtımı ayırdım, bir-bir oxudum və gördüm ki, nə qədər hədiyyə var. Hamısını qəbul elədim və sonra gördüm ki, çox böyük bir səhv etmişəm. Ona görə də daha heç kimdən hədiyyə götürmürəm. Adicə bir hədiyyə verirlər, baxırsan bunun 30 manatlıq dəyəri var. Qarşılayıram, çox sağ olun deyirəm. Bir həftə sonra zəng gəlir ki, niyə paylaşmadınız? Niyə reklam etmədiniz? Belə şeylərə görə hədiyyə götürmürəm. Hansısa bir geyim geyinirəmsə, tikdirirəmsə, onun pulunu verirəm. Aylıq qazancımın yarısını geyimimə, bəzənməyimə xərcləyirəm.
- Verilişlərə gedərkən seçim edirsiniz?
- Çox yerdə deyirlər ki, efirlərdə az görünürsünüz. Həqiqətən də normal verilişlərimiz yox səviyyədədir. Bəli, verilişləri seçib gedirəm, hətta qonaqların kim olduğu barədə də soruşuram. Qonaq xoşuma gəlirsə, efirə çıxıram, yoxsa çıxmıram. Bayağı verlişlər bir kənara, hətta bəzi kanallar var ki, kanalın özünə çıxmıram.
- Şou-biznesdə küsülü olduqlarınız çoxdur?
- Bəli. Həmişə məndən küsənlər barışmağa cəhd edirlər. Sizə pis bir xasiyyətimi deyim. Əgər o insanla yüngülvari dava etmişəmsə, özüm barışaram. Amma həqiqətən də özümə qarşı təhqir, hörmətsizlik görmüşəmsə, mən o adamı silirəm. Doğurdan da belə insanlar şou-biznesdə var və mən onları silmişəm. Çoxu gülərək gəlib deyir ki, biz bilirik də, siz barışacaqsız.
- Hansı yenilikləriniz olacaq?
- Sırada 4 mahnımız var. Mahnımızın biri Hacı Nazim Məmmədovdandır. O artıq hazırdır. İki mahnımız da Zülfü Bədəlovdandır. Çox gözəl mahnılardır. Bu yaxınlarda çıxacaq olan mahnının adı "Addım-addım olacaq. Fevralın 25-i İlhamə Quliyevanın ildönümüdür və onunla bağlı bir layihə var. Deməli, bizim tanınmış ifaçılar İlhamə Quliyevanın repertuarına müraciət edəcəklər. Mən də bir mahnı seçdim və o mahnını yeni bir aranjman etdirdim. "Gedirəm adlı mahnını yeni bir tərzdə yaxın zamanda mənim ifamda eşidəcəksiniz.