Öz doğma ocağından, isti yurd-yuvasından didərgin düşən məcburi köçkünlər məskunlaşma zamanı ən ağır günlər yaşasalar da, son illər onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı dövlət proqramları həyata keçirilir.Bu gün dövlət mümkün qədər məcburi köçkünlərin həyat, yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində işlər görür. Buna misal olaraq yeni salınan yaşayış massivlərini, köçkün şəhərciklərini göstərmək olar. Bu günlərdə isə, Nazirlər Kabineti köçkünlərə ev verilməsilə bağlı Qaydanı təsdiqləyib. Yeni qaydaya görə, evlərin verilməsində köçürülməyə daha çox ehtiyac olan obyektlərdə yaşayan köçkünlərdən başlanmalıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsindən aldığımız məlumata görə, söhbət köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrindən gedir.
Şöbədən bildirdilər ki, həmin evlər köçkünlərə kirayə müqavilələri əsasında veriləcək: "Sənəddə bəzi hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsinin verilməməsindən də danışılır. Onlar köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayanlardır. Köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə, onların ailə üzvlərinə yeni yaşayış sahəsi verilmir. Bundan əlavə, məcburi köçkün ailəsi köçürülmə yerində 3 ildən çox yaşamalıdır. Artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələrə də yeni yaşayış sahələri verilməyəcək.Bu sənədə görə, köçkün beş gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. Bundan başqa, kirayə müqaviləsini pozmaq da köçkün ailəsinə baha başa gələcək. Yaşayış sahəsini satmaq, bağışlamaq, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaq və digər vasitələrlə evləri özgəninkiləşdirmək olmaz.
Yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq belə müəyyənləşdirilir: "Ailə tərkibi 1 nəfərdən ibarət olanlara - 1 otaq; ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara - 2 otaq; ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara - 3 otaq; ailə tərkibi 6 nəfər və 6 nəfərdən çox olanlara - 4 otaq veriləcək.
Komitənin müvafiq şöbəsindən onu da bildirdilər ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Bu sənədə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə veriləcək.
Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçiriləcək: "Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon, şəhər və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon şəhər icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. Yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon şəhər icra hakimiyyətləri məsuliyyət daşıyırlar. Rayon şəhər icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir.
Qeyd edək ki, ailə tərkibinin sayı çox olan ailələrə yaşayış sahəsinin ailə üzvlərinin sayına görə verilməsi məsələsi təqdirəlayiq hesab edilir.
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyir ki, məcburi köçkünlərin ailə üzvlərinin sayı nəzərə alınmaqla mənzillə təminatı doğru qərardır: "Elə məcburi köçkün ailəsi var ki, ailə tərbiki böyükdür. Onun darısqal iki otaqlı evdə yaşaması doğru hesab oluna bilməz. Ona görə də bu məqam mütləq diqqətdə saxlanılmalıdır. Bunun konkretləşdirilməsi də vacibdir. Bundan sonra məcburi köçkünlər də biləcəklər ki, ailə tərkibi 4 nəfərdisə, yaxud 6 nəfərdisə ona neçə otaqlı ev verilə bilər.Həmsöhbətimiz deyir ki, bununla bağlı hüquq mühafizə orqanlarına müraciətlərin artması da bu qaydanın təsdiqlənməsini zəruri edirdi.
Elə Dövlətqaçqınkomdan da qaydaların təsdiqlənməsinin zəruriliyinin vacib olduğunu bildirdilər. Komitənin sözçüsü Elçin Qədimov dedi ki, hazırda təsdiqlənən qaydalarda bəzi yeniliklər var: "Əvvəl də yerləşdirmə zamanı məcburi köçkün ailəsinin üzvlərinin sayı nəzərə alınırdı. Amma son illər bəzi məcburi köçkünlər ailə başçısı kimi mənzil əldə etmək üçün qanunsuz yollara əl atırdı. Bura nikahın qəsdən və saxta yolla pozulması kimi məqamlar daxil idi. Məhkəmələrdən və digər qurumlardan Komitəyə təklif gəldi ki, bu məqamlar köçkünlərə ev verilməsilə bağlı Qaydalarda öz əksini tapsın. Komitə də bunları müzakirə edərək yekun qərara gəldi. Bunlar yeni qaydalara əlavə edildi
Komitənin mətbuat katibi Elçin Qədimovun sözlərinə görə, məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı bu gün də davam etdirilir: "Hazırda respublika üzrə 94 min ailənin və ya 375 min məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Təkcə Bakı şəhərində istismar müddətini başa vurduğundan tam yararsız, qəza vəziyyətinə düşmüş 115 obyektdə 9 min ailə və ya 45 min nəfər məcburi köçkün ağır vəziyyətdə yaşayır və onların köçürülməsinə ciddi ehtiyac var. 2017-ci ildə bu istiqamətdəki məsələləri daha sürətlə həll etmək üçün yollar müəyyənləşdirdi ki, bununla da daha ağır durumda yaşayanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlət başçısının rəhbərliyi altında işlər mərhələli şəkildə davam etdiriləcək. Daha ağır vəziyyətdə olan soydaşlarımızın da mənzil problemlərinin həlli baxımından müvafiq tədbirlər görülür və imkan yarandıqca bunlar da mərhələli şəkildə öz həllini tapacaq. Çünki bu vacib məsələ həmişəki kimi, bu gün də dövlətimizin başçısı cənab İlham Əliyevin gündəlik diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Qəzalı vəziyyətdə olan binalardan məcburi köçkünlərin köçürülməsi ilə bağlı qərar verilib. Artıq müəyyən vəsait də ayrılıb, layihə işlərinə başlanılıb. İlkin mərhələdə ən ağır vəziyyətdə olan Bakının Xəzər rayonu ərazisindəki "Energetik pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan 260 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır. Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi yaxınlığında salınmış 450 ailəlik qəsəbənin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli, Abşeron rayonunun Masazır qəsəbəsində tikilmiş 760 ailəlik yaşayış məhəlləsinin ərazisindəki boş torpaq sahəsində beşmərtəbəli 50 mənzilli bir, beşmərtəbəli 80 mənzilli iki yaşayış binasının tikilməsi nəzərdə tutulub. Bu dörd bina ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Qısa müddətdə layihələr icra olunacaq və binaların tikintisinə başlanılacaq.
Mələk Eyvazlı