Tanınmış müğənni Əlikram Bayramov Unikal.org- a müsahibə verib. O, müsahibəsində maraqlı məsələlərdən danışıb.
-Əlikram bəy, avtomobil idarə edirsiniz. Radara tez-tez düşürsünüz?
-Hərdən ağacların arasında quraşdırılan radarlara düşürəm. Bu radarları əsasən yaşayış məntəqələrində quraşdırırlar. Salyandakı radara 10 dəfə düşmüşəm.
-Ayda neçə dəfə radara düşürsünüz?
-Təxminən 3-4 dəfə. Rayonlara gedəndə yol uzaq olduğu üçün, tələsəndə belə hal olur.
-Yol polisləri sizi tez-tez saxlayır?
-Çalışıram qaydanı pozmayım. Avtomobilə oturan kimi kəməri taxıram. Ötmə əməliyyatı edib qayda pozanda saxlayırlar, cərimə yazırlar. Özüm möhkəm maşın sürən deyiləm. Bir dəfə bərk qəza keçirmişəm. Ona görə, sürət həddini aşmıram.
-Ay ərzində radara ən çox nə qədər pul ödəmisiniz?
-Axırıncı dəfə səhv etmirəmsə, 86 manat ödəmişəm.
-Yol polisləri güzəşt edirlər?
-Heç vaxt güzəşt olmayıb. Özüm də bunu istəmərəm. Qaydanı pozma saxlamasınlar. İndi yolda polis demək olar ki, saxlamır. Hər yerdə radarlar var. Harada qaydanı pozdun cərimə evinə gəlir. Gərək elə edəsən ki, toydan qazandığını radara verməyəsən.
-Toylar demişkən, toyların sayında azalma varmı?
-İş çox zəifləyib, toyların sayı hədsiz azalıb. Bu ay 2 toya getmişəm. Yəqin ki, bayramdan sonra çoxalar.
-Vegi ödəyirsinizmi?
-Vergi ilə bağlı heç bir problemim yoxdur. Toy sahibindən pul alanda onun özünə də, şadlıq sarayının administratoruna da sənəd imzaladıram. Aldığım məbləğə görə də vergi ödəyirəm. Pulu da 8 nəfər ansabl üzvləri arasında bölürəm. Onların da hamısı vergi ödəyir.
-Bəstəkarlardan mahnı alırsınızmı?
-İmkanım çatdan alıram, çatmayanda yox. Özüm də mahnı yazıram.
-Mahnıya ən çox nə qədər pul ödəmisiniz?
-Mahnıya ən çox 1500 manat pul ödəmişəm. 800 AZN-ə də mahnı almışam. 5 minlik mahnını neynirəm ? 2000-2500 manata toya gedirəm. Heç vaxt 4 -5 min manata toya getməmişəm. Camaat nə verir, ona da qane oluram. Musiqiçi yoldaşlara deyirəm ki, gəlirik, qarşımıza yemək qoyurlar, bir az oxuyuruq, gedəndə də pul verirlər. Bu millətdən niyə inciyəsən? Bəziləri 10-12 min manata toya gedirlər. Vergidən də yayınırlar.
Orxan Həsənli