Unikal.org xəbər verir ki, 8 ildir peşəkar səhnəni tərk edib, efirlərdən uzaq düşən Aynur Dadaşova primetime.az-ın "Tet-a-tet" rubrikasının qonağıdır.
Onun səhnədən getməyi mənim uşaqlıqdan yeniyetməliyə keçid dövrünə təsadüf edir. Aynur Dadaşovanı maqnitofonlar üçün nəzərdə tutulan kiçik lentli kasetlərdə meyxana sənətinin ayırılmaz cütlüyü Aqşin Fateh və Elşən Xəzərlə birgə ifa etdiyi "Ayrı yollar" mahnısından tanımışdım. Bir də dövlət televiziyasında yayımlanan və o dövr üçün (başqa kanal olmadığı üçün də ola bilər) reytinqlərdə ən üst sıralarda qərarlaşan "Sən bir nəğmə" teleşousunun da burda böyük payı var idi. Bir müddət sonra A.Dadaşova "Geri Dön" adlı mahnı çıxarıb, klip çəkdirdi. Mahnı sevilsə də, Dadaşova özünə istirahət vermək istədi. Özü etiraf etməsə də, məncə, onun sənətdən getməyinə digər səbəb özünə müğənni deyənlərin sayının artması idi. Nəhayət, aradan 8 il ötdü və hər kəsin gözünü yolda qoyan, üzünü və mahnılarını yalnız "Youtube" video portalında gördüyümüz Aynur Dadaşova yenidən sənətə qayıtmağa qərar verdi. Mən isə özümü tamaşaçı yerinə qoyub, sizi maraqlandıran sualların bir qisminə cavab almaq istədim.
- Aynur Dadaşova illər əvvəl səhnəni tərk etdikdən sonra istər efir məkanına, istərsə də şou-biznesə aparıcı, aktrisa və ya müğənni Aynurlar gəldi, ancaq onların heç biri "Aynur Dadaşova" effektini yarada bilmədi. Bunun sirri nədə idi?
- O vaxtdan bəri çox şey dəyişilib. Ancaq bunu da yadda saxlamaq lazımdır ki, müğənnilərin sayı nə qədər çox olur-olsun heç kim başqasının yerini tuta bilmir. Çünki burda ilkin faktor tamaşaçılardır. Onlar sənin yoxluğu hiss edir, sənə ehtiyac duyur və səni tələb edir. Mən 1989-cu ildə bu sənətə ilk addımlarımı atmışam, 1990-cı ildə "7/17" layihəsində iştirak etmişəm. 11 yaşından bəri Aynur Dadaşova respublikada möhürlənmiş bir müğənnidir, ona görə də sevilir.
- Sənətdən getməyinizin ilkin səbəbi ailə qurmağınız idi yoxsa tamaşaçılara qaranlıq qalan məqamlar var?
- Mən sizə düzünü deyəcəyəm. Günlərlə konsertlər, tədbirlər, televiziya çəkilişləri, xarici ölkələrə səfərlərimiz və s. bütün bunlar 11 yaşından bəri səhnədə olan birini çox yormuşdu. Mən düşündüm ki, artıq yetər. Mən istirahət edəcəyəm. Hazırda yenidən hər şeyə start vermişəm. Hiss edirəm ki, indi lap çox yoruluram. Çünki səhər çəkilişi olur. Sən məcbursan saat 5-6-dan oyanıb, hazırlaşasan, üstəgəl uşaqlar var. Aradan xeyli müddətin keçməsi də, burda öz rolunu oynayır, yenidən adaptasiya olmaq bir az çətin olur. İnsanın yaşı da buna təsir edən amillərdəndir. Ümumiyyətlə, düşünürəm ki, müğənnilik çox yorucu sənətdir.
- Övladlarınızı niyə efirdən gizlədirsiniz?
- Yox, artıq gizlətməyəcəm. Bu yaxınlarda efirə çıxmağı planlaşdırırıq. Mən əvvəl buna qarşı idim və deyirdim ki, övladlarımla gündəmdə olmaq istəmirəm. Çünki mənim səsim, sənətim gündəmdə qalmağıma bəs edər. Lakin görürəm ki, mən uşaqlarımı çıxartmadıqca insanların ağlına başqa-başqa düşüncələr gəlir. Ona görə də bundan sonra bu mövzuda rahat olmağa üstünlük verəcəm.
- Sənətə geri dönməyinizin əsas səbəbi nə oldu? Fikirləşdiniz ki, bu qədər istirahət eləmək bəsdir, artıq işə başlamaq zamanıdır?
- Yox, tamaşaçıların istəyilə...
- Ancaq sizin geri dönüşünüzün səbəbini boşanmağınızla əlaqələndirirlər. Bu məlumat doğrudur?
- Mənim jurnalistlərə böyük hörmətim var. Amma belə sözlərin deyilməsini, yazılmasını istəmirəm. Çıxdığım efirdə də belə sual verdilər. Əgər elə bir şey olsa mən heç kimdən heç nə gizlətmərəm. Sırf bu söhbətlərin dərdindən efirə çıxmırdım ki, deyəcəklər yəqin nəsə problem olub ki, Aynur artıq efirlərə çıxmağa başlayıb. Ancaq gördüm ki, mən artıq səhnə üçün darıxıram. Ona görə də dedim ki, nə deyirlər desinlər mən ekranlara qayıdacağam. Evdə qalmaqdan artıq özümə də baxmırdım. Oxuyanda isə bir qadın kimi özünə baxmağa, bəzənməyə məcbursan. İstər-istəməz məsuliyyətli olursan, fikir verirsən ki, səliqəli görüntün sənə qarşı olan simpatiyanı da artırsın və çəkilişlərdə normal görünəsən.
- Bayaq qeyd etdiniz ki, çox şey dəyişib. Tərk edib getdiyiniz şou bizneslə indi gördüyünüz şou biznes arasındakı fərqlər nələrdir?
- Əvvəllər bizim haqqımızda xəbərlər qəzetlərdə, jurnallarda çıxırdı. Mən hələ də evdə haqqımda xəbər çıxan qəzetləri xatirə olsun deyə saxlayıram. İndi isə internet saytları və sosial şəbəkələr vasitəsilə informasiya mübadiləsi daha da genişlənib. Bunun özü elə böyük dəyişiklikdir. İndi dəyişən bilirsiniz nədir? Şou biznesin nümayəndələri dəyişiliblər. Mən gözləyirdim ki, sənətə geri qayıdıram və çoxları zəng edəcək, xeyirli olsun deyib, mənə təbrik ünvanlayacaqlar. Ancaq əfsuslar olsun ki, belə insanların sayı çox az oldu.
- Belə çıxır ki, sizi təbrik etməyənlərə sizin efirlərdən kənar olmağınız sərf edib? Təbrik etməmək və ya dəstək olmamağın arxasında başqa nə dayana bilər?
- Bu barədə heç nə deyə bilmərəm. Hərənin öz fikri var. Sadəcə vaxtilə elə müğənnilər var idi ki, mənim gözümün önündə yetişirdi. Onlara az da olsa dayaq olmuşdum. Mən onların indiki halına baxıb şükür edirdim ki, vaxtilə necə ehtiyac, problem içində yaşayırdı. İndi işləri yoluna düşüb, gəliri, qazancı yerindədir. 2-3 ildir parlamağa başlayan müğənnilər özlərini göylə aparırlar. Dünən gəlib, bu gün səhnədə olanlara saymazlıq edirlər, onları zirvələrə qaldıran tamaşaçıları heçə sayırlar. Mən hətta buna görə hərdən kövrəlirəm. Çünki həmişə insanların yaxşılığını, onların irəli getməsini istəmişəm, eyni şeyi də onlardan özümə qarşı gözləmişəm. Amma tam başqa cür stiuasiyalarla qarşılamışam.
- İllər ərzində kənardan şou biznesi izləyib hansı hadisəyə kədərləndiniz?
- Yeganə kədərləndiyim hadisə dəyərli sənətkarımız İlhamə Quliyevanın vəfatı olub. Biz onunla qonşuluqda yaşayırdıq. Baxmayaraq ki, mən bu illər ərzində efirdə yox idim, amma onunla anam mütəmadi olaraq görüşüb, söhbət edirdi deyə, mən də arada görürdüm. Sonuncu dəfə ölümündən 15 gün öncə görüşdük. O, həmin vaxtı mənə dedi ki, "Aynur, qızım. Sən nə vaxt sənətə qayıtmaq istəsən, mən sənə dəstək olmağa hazıram. Çünki sənin güclü sənətin, özünəməxsus səs tembrin var". Allah rəhmət eləsin! Gözəl sənətkar idi. O cür insan mənim barəmdə həmişə gözəl fikirlər səsləndirib.
- Sənətdə olmadığınız dövrlərdə hansı müğənniləri dinləmisiniz? Onların repertuarında elə bir mahnı olubmu ki, deyəsiniz kaş bu mahnını mən oxuyardım?
- Mənim elə mahnılarım olub ki, buna gərək duymamışam. Sənətdə isə cəmi bir insanı çox istəyirəm. Səbəbini bilmirəm, ancaq həm xanımlığına, həm də mədəniyyətinə görə Brilliant Dadaşovaya hörmət edirəm. İllərin sənətkarıdı insanla elə xoş, elə səmimi danışır ki, adam utanır.
- 2007-ci ildə ekranlaşdırılmış "Kəndim + nizə qayıdın" filmində "Məryəm" obrazını canlandırmısınız və bu sizdə çox uğurlu alınıb. Yeni çəkilən filmlərimizin də böyük əksəriyyəti komediya janrındadır. Bir daha özünüzü aktrisa kimi sınamaq istəyərdiniz?
- Bəli, orada kəndçi bir qızı canlandırıram. Hətta çox adamın bundan xəbəri yox idi. Bu yaxınlarda filmə baxan, internetdə rast gələn bir tanışım zəng edib deyir ki, "Çox sağ ol, Aynur. Xeyli güldük". Mən belə rolların öhdəsindən məharətlə gəlirəm. Yenə də təklif olsa sevə-sevə çəkilərəm.
- Eşitdiyimizə görə, yeni mahnılar üzərində işləyirsiniz. Bəs duet planlaşdırırsınız?
- Əslində, belə bir təklif hələki yoxdur, ancaq gəlsə təbii ki, dəyərləndirərəm.
- Duet oxumaq istədiyiniz biri var?
- Səsi gözəl olan hər kəslə duet oxuyaram. Tərəf müqabilimin populyar olub-olmamağının mənim üçün heç bir fərqi yoxdur.
- Geri döndüyünüzə görə yenidən çətinliklər olacağını və vaxtınızın böyük bir qisminin işinizə yönələcəyini bilirsiniz. Bu sizin övladlarınızla olan münasibətinizə təsir göstərə bilər?
- Mənim uşaqlarım biri 4-cü sinifdə, o biri isə 6-cı sinifdə oxuyur. Artıq böyüyüblər. Düşünürəm ki, problem olmayacaq.
- Övladlarınıza dərslərində kömək edə bilirsiniz?
- Bu işlə əsasən müəllimləri məşğul olur. Mən isə onlara rusdilli məktəbdə oxuduqları üçün yalnız Azərbaycan dili dərsində kömək edirəm.