Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq məmurun güllələnməsini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanova, Rasim Süleymanov, Ramin Həsənov, Əlikubar Kübarov və Ramil Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org report-a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən zərərçəkmiş Hüseyn Qasımov ifadə verib.
O ifadəsi zamanı bildirib ki, G.Süleymanova ondan 33 min manat pul alıb. H.Qasımovun sözlərinə görə, hazırda oğlu həbsdədir: "Günel bizdən şikayətçi olan tərəflə barışıq ərizəsi alacağını dedi. Sonra 33 min manat pul aldı. Şikayətçi olan tərəf isə Bərdə rayonundan olan Xaləddin müəllimdir. Günel bildirdi ki, Xaləddin müəllimlə bu haqda görüşüb və danışıb. Hətta Günel təhsil nazirinin qardaşının onların qohumlarının qudası olduğunu söylədi. O, Xaləddinin nömrəsini də məndən alıb, guya aramızda barışıq edəcəyinə söz verdi.
Daha sonra H.Qasımov hakimin suallarını cavablandırıb. O qeyd edib ki, G.Süleymanova pulu geri qaytarmadığı üçün onu sıxışdırıb.
G.Süleymanova isə H.Qasımovu öldürtmək istəmədiyini söyləyib: "Onunla aramızda söyüş olmuşdu. Buna görə də həmin hadisə baş verdi.
Hakim G.Süeymanovaya sual verərək qeyd edib ki, "ilk ifadəndə dedin ki, Hüseyn Qasımov səni zorlayıb, videoya çəkib. Bunun üçün də qisas almaq istədiyini bildirdin.
G.Süleymanova isə hadisənin belə olmadığını ifadə edib: "Məni zorlamayıb, aramızda isə hansı söz-söhbətin olduğunu deyə bilmərəm.
Təqsirləndirilən R.Hüseynli G.Süleymanovanın H.Qasımovdan qisas almaq istədiyini söyləyib: "Günel bir nəfəri döymək lazım olduğunu dedi. Mən də razılaşdım. O, mənə bildiridi ki, həmin şəxsin oğlunun işini həll edib, lakin Hüseyn pulu vermək əvəzinə Güneli aldadıb aparıb zorlayıb. Sonra da videoya çəkib. Güneldən əvvəlcə 50 min manat istədim. 40 min verəcəyini dedi. Mən də dedim ki, "sən 33 minlik işə görə 40 min verisən? O, isə diski istədiyini söylədi. Həmin vaxt uşağımı da xəstəxanaya aparmaq istəyirdim. Təcili pul lazım idi. Ondan 1200 manat pul aldım, qalan məbləği isə sonra verəcəyini vəd etdi.
R.Hüseynli ifadəsində vurğulayıb ki, H.Qasımova onun evinin qarşısında avtomatdan güllə atıb: "Onun getdiyi yolun əksinə atdım. Qorxutmaq istəyirdim. Özüm idmançı oğlanam, atıcılıq qabiliyyətim də var. 8 metrdən adam vura bilmirəm? Deyir kostyumuma, dabanıma güllə dəyib.
Proses gələn həftə davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, aprelin 11-də saat 05:30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə torədildikdə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Hüseynli tanışı G.Süleymanova ilə qabaqcaqdan əlbir olub cinayət əlaqəsinə girərək, H.Qasımovu 40 min manat müqabilində öldürmələri barədə razılığa gəlib, aprelin 11-də sonuncunun yaşadığı ünvana gəliblər. H.Qasımov binadan çıxıb avtomobilinə oturmaq istədikdə, R.Hüseynli qanunsuz olaraq gəzdirdiyi "Kalaşnikov markalı avtomat silahdan H.Qasımova bir neçə atəş açaraq onu qəsdən öldürməyə cəhd edib, lakin iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.
Bundan başqa, G.Süleymanova atası R.Süleymanovla qabaqcadan əlbir olub H.Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik edəcəyini vəd edib, külli miqdarda pulunu ələ keçirərək dələduzluq ediblər.
Bakı şəhər prokurorluğunun İstintaq idarəsi tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində cinayətin R.Hüseynli, G.Süleymanova və R.Süleymanov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunub, R.Hüseynli 29,120.2.1 (tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürməyə cəhd), 29.120.2.5 və 228.1-ci, G.Süleymanova Cinayət Məcəlləsinin 29,120.2.1, 29.120.2.5 və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), R.Süleymanov isə 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
R.Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd "AKM markalı avtomat silah və ona aid içərisində 22 ədəd patronlar olan 1 ədəd daraq aşkar edilərək maddi sübut kimi götürülüb.
Dah sonra cinayət işində ad keçən digər şəxslər də saxlanılıb.
Xatırladaq ki, R.Hüseynli əvvəllər adam oğurluğuna görə 12 il həbsxanada yatıb.
Onu da əlavə edək ki, H.Qasımov Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi olub.