Azərbaycan 2016-cı ildə Gürcüstan iqtisadiyyatına 578 milyon dollar həcmində sərmayə yatırıb. Bu, ötən il Gürcüstan iqtisadiyyatına yönəldilən ümumi xarici investisiyaların 35 faizini təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici investorları sırasında birinci yerdədir.

Unikal.org bildirir ki, bu barədə "Report"un Gürcüstan bürosu məlumat yayıb. 

Siyahıda 272 milyon dollarla ikinci yerdə Türkiyə, 121 milyon dollarla Böyük Britaniya dayanır.
Niderland, Çexiya, Lüksemburq, ABŞ və Kiprin yönəltdiyi sərmayələrin ümumi həcmi 246 milyon dollar təşkil edib.

Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyaların ümumi həcmi isə 1,6 milyard dollar təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 22 faiz çoxdur.

Gürcüstan Milli Statistika Xidmətindən bildiriblər ki, ötən il xarici sərmayələrin 645 milyon dolları nəqliyyat və rabitə, 203 milyon dolları energetika, 163 milyon dolları tikinti sahələrinə qoyulub. Qalan hissə isə istehsal sənayesi, daşınmaz əmlak, otel və restoranlara, səhiyyə, təhsil və digər sahələrə yönəldilib.