Son illər öz avtomobili ilə xarici ölkələrə səfər edənlərin, eləcə də xarici ölkələrdə avtomobil icarəyə götürüb istifadə edənlərin sayı artmaqdadır. Belə hallarda Azərbaycan vətəndaşları bizim sürücülük vəsiqələrini müxtəlif xarici ölkələrdə də istifadə edirlər.
Unikal.org Avtosfer.az-a istinadın xəbər verir ki, ölkəmizdə verilən milli sürücülük vəsiqələri 1968-ci il Vyana Konvensiyasına uyğun olduğundan bu vəsiqələrlə həmin Konvensiyaya qoşulan ölkələrdə avtomobil idarə etməyin heç bir problemi yoxdur. Lakin ölkəmizdə hazırda verilən vəsiqələrdəki kiçik texniki çatışmazlıq qanunvericiliyin bütün xırdalıqlarını tələb edən bəzi ölkələrdə problem yaradır. Söhbət vəsiqə sahibləri barəsindəki məlumatların vəsiqəyə yazıldığı əlifba ilə bağlı problemdən gedir. "Yol hərəkəti haqqında" Vyana Konvensiyasına 6-cı əlavənin 3-cü bəndində deyilir ki, milli sürücülük vəsiqəsinə daxil edilən qeydlər ya yalnız latın əlifbası hərfləri ilə yazılır, ya da bu şəkildə təkrar olunur (transliterasiya edilir). Yəni, əgər vəsiqə sahibinə dair məlumatlar latın əlifbasından fərqli hərflərlə yazılırsa, həmin yazılar latın əlifbası ilə təkrar olunmalıdır. Bizim vəsiqələrimizdə problem yaradan isə Azərbaycan əlifbasındakı 7 hərfin (ə, ö, ü, ğ, ş, ç, ı) latın əlifbasında olmamasıdır. Odur ki, adında, soyadında, ata adında, yaxud, qeydiyyat ünvanında bu hərflər şəxslərin sürücülük vəsiqələri bəzi xarici ölkələrdə problem yarada bilər. Bu problemi həll etmək üçün ölkəmizdə verilən milli sürücülük vəsiqələrində həmin hərflər olduqda vəsiqəyə daxil edilən qeydlər sırf latın hərfləri ilə təkrarlanmalıdır. Məsələn, Əlişov Çingiz Ümid oğlu təkrarən həm də belə yazılmalıdır - Alıshov Chingiz Umid oglu.
Məlumat üçün bildirək ki, latın əlifbasının işlənmədiyi ölkələrdə (Rusiya, Ukrayna, Yunanıstan və sair) sürücülük vəsiqələrindəki məlumatlar məhz belə təkrarlanmaqla qeyd edilir.